Bütövlükdə ali təhsil sistemi tarixi bir dönüş nöqtəsindədir. Bu fikri universitetlərdə elmi fəaliyyətə də şamil etmək olar. Bu, ilk növbədə, indiyə qədər tətbiq edilən elmin inkişafı modeli ilə bağlıdır. Belə ki, elmin inkişafı artıq yalnız klassik tədqiqat modelindən asılı deyil. Xüsusilə də Süni İntellekt (AI) bu prosesdə oyun qaydalarını köklü dəyişdirən əhəmiyyətli rol oynayır.
Azərbaycanda elmi fəaliyyətin gələcəyini cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində səsləndirdiyi konseptual fikirlər üzərində qurmalıyıq. Ölkə başçısının qeyd etdiyi kimi: "Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır".
Universitetin ali missiyası gələcəyin vətəndaşlarını və liderlərini yetişdirməkdir. Tələbələrin böyük əksəriyyəti universitetə məhz bu məqsədlə gəlir, lakin təəssüf ki, müasir yanaşmada universitetin təməl fəaliyyəti olan tədris sanki ikinci dərəcəli iş kimi qəbul olunur. Bu gün bir çox nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən UNEC-də tətbiq olunan mükafatlandırma sistemləri tədris fəaliyyətinə qarşı faktiki olaraq biganədir. Mövcud sistem bəzən ən fədakar və peşəkar müəllimi belə yalnız tədqiqat göstəricilərinə görə "uğursuz" kimi təqdim edir.
Bəzən bir müəllimin yaratdığı təsir, onlarla məqalənin yaratdığı təsirdən daha böyük olur. Beləliklə, müasir universitet modelində tədris və tədqiqat arasında balans sanki pozulur.
Gələcəyi formalaşdırmaq çox böyük və çox məsuliyyətli bir missiyadır. Bu missiyanın mərkəzində müəllim dayanır və gələcəkdə də belə olacaq. Cəmiyyətin transformasiyasının mərkəzində yenə də universitet dayanır və gələcəkdə də universitet dayanacaq.
Yuxarıda deyilənlər o anlama gəlirmi ki, biz illərlə yanlış şeyləri ölçmüşük, yanlış yanaşma tətbiq etmişik? Xeyr! Yanlış şeyləri ölçməmişik! Yanlış yanaşma tətbiq etməmişik. Yanaşma doğrudur!
Biz sadəcə tədqiqatlara diqqəti artırmışıq, amma eyni yanaşma tədrisə tətbiq edilməyib. Tədqiqatçılara geniş dəstək verildiyi halda müəllimlər bu dəstəkdən məhrum olublar. Tədris və tədqiqat arasında balans bərpa edilməlidir. UNEC yaxın gələcəkdə bu yeni yanaşmanı reallaşdıracaq və yeni model üzrə hazırlıqlar artıq tamamlanmaq üzrədir.
Universitetlər ilkin olaraq təhsil müəssisəsi kimi yaradıldı, sonradan bu missiyaya tədqiqat funksiyası, daha sonra isə sahibkarlıq fəaliyyəti əlavə edildi. İndi isə bütövlükdə universitetlərin cəmiyyət üçün faydalı iş görmək missiyası da əlavə olunub. Bu, o deməkdirmi ki, eyni müəllim həm pedaqoq, həm tədqiqatçı, həm sahibkar, həm də ictimai missiya daşıyıcısı olmalıdır? Əlbəttə ki, yox! Bu tələb ayrı-ayrı müəllimlərə deyil, bütövlükdə universitetə aid edilməlidir.
Bu isə universitetlərin yeni idarəetmə, akademik, maliyyə və təşkilati modelini gündəmə gətirir. Bu baxımdan, mövcud vəziyyət Prezident İlham Əliyevin hələ 13 il əvvəl "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən etdiyi "təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi" vəzifəsinin aktuallığını və cənab Prezidentin təhsil siyasətinin uzaqgörənliyini bir daha təsdiqləyir.