Bu gün UNEC-də 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilmişdir.
Erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dos. Şaiq Əsgərov, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasəti barədə tədbir iştirakçılarına məlumat verdi. Xalqının milli oyanışı dövrlərində azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırladan natiq, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyasının heyrət və qəzəb doğurduğunu bildirdi.
Soyqırımın xalqımız tərəfindən anılmasında Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının xüsusi əhəmiyyəti olduğunu bildirən Ş.Əsgərov, tarixi sənəddə də qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunduğunu, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etməyini bildirdi. Düşmən bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirmişdir. Xalqımızın çoxəsrlik tarixi kobudcasına təhrif olunmuş, millətimiz öz tarixi torpaqlarından qovulmuş, ermənilərin tarixi qədimləşdirilmiş və şişirdilmişdir.
Tədbirdə soyqırımı faciəsini əks etdirən videoçarx təqdim olunmuşdur. Erməni vəhşiliyini nümayiş etdirən çarxda keçmiş Rusiya imperiyası və İran arasında gedən müharibə nəticəsində Azərbaycanın bölüşdürülməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə Çar Rusiyasının və bolşeviklərin köməyi ilə erməni daşnaklarının törətdiyi qırğınlar, 1920-ci illərdə ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948-1953-cü illərdə sovet hökumətinin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyası kimi məsələlərə toxunuldu.
Bildirildi ki, 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etmişlər. 1918-20-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirmişlər.
Tədbir iştirakçılarına "Humanitar fənnlər" kafedrasının müdiri, professor Vəkil Həsənov “1918-ci il soyqırım haqqında tarixi həqiqətlər” adlı təqdimatında və "Humanitar fənnlər" kafedrasının professoru Abbas Seyidov “Anadoluda və Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı soyqırımlar” adlı məruzəsində soyqırımın tarixi faktları barədə məlumat verdilər.
Qeyd edildi ki, erməni yaraqlıları 1918-ci ilin martına qədər İrəvan quberniyasının İrəvan, Sürməli, Eçmiadzin, Yeni Bayazid qəzalarının 199 kəndini dağıdaraq orada yaşayan 135 min azərbaycanlını qəddarcasına qırır və qovurlar. İrəvan quberniyası ərazisində müsəlman qaçqınlarının sayı 150 min nəfəri keçirdi. Ermənilər siyasi gərginliklərdən öz şovinist məqsədləri üçün istifadə edərək, 1918-ci il mart soyqırımını törətdilər. Ermənilərin bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ildə də Bakıdan başlamışlar. 1918-ci il qırğını 1905-ci ildəkindən daha amansızlıqla həyata keçirilmişdi. Fövqəladə Tədqiqat Komissiyasının rəyinə görə Bakıda 11 min nəfərə qədər dinc sakin öldürülmüşdür. 1933-cü ildə Münhendə çıxan məqalədə qeyd olunurdu ki, 31 martda 15 min nəfər günahsız türk kəsilmişdir. 1918-ci ilin mart-aprel aylarında erməni zorakılığından əziyyət çəkən bölgələrdən biri də Şamaxı qəzasının Azərbaycan kəndləri olmuşdur. Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişdilər ki, onlardan 4190 nəfəri kişi 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.
Sonda mart soyqırımının və erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi qətliamların unudulmaması, gəncliyin bu istiqamətdə maarifləndirilməsinin zəruriliyi qeyd edildi.