"Doktoranturaya və dissertanturaya ixtisas və ingilis dili üzrə qəbul imtahanından 2 alır, lakin ingilis dilində beynəlxalq elmi bazalarda məqalələri çap olunur. İşdə paradoks budur".
Bu barədə AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib. O qeyd edib ki, bu sözlərinin hədəfi bəzi doktoranturaya qəbul ola bilməyib, lakin məqalələr çap etdirənlərdir:
“Öncə insan bilik əldə etməli daha sonra onları nəşr etməlidir.
“Qaydalara görə, şəxs elmi tədqiqat nəticələri əldə edib, doktorantura oxuduğu müddətdə tələb olunan şərtlərə uyğun apardığı elmi tədqiqat nəticələri ilə bağlı məqalələr nəşr edir, konfranslarda iştirak edir. Ancaq bəzi şəxslər doktoranturaya qəbul olmayıb, buna rəğmən, danışanda sayırlar ki, bu qədər məqaləm var. İndi sual olunur ki, axı siz qəbul ola bilmirsiniz, hələ doktoranturada tədqiqat fənləri dərsini keçməmisiniz, elmi tədqiqatın əasları ilə tanış deyilsiniz, bəs bu, necə olur? Ona görə öncə öyrən sonra nəşr et. Öncə insan oxumalıdır, bilik əldə etməlidir daha sonra həmin bilikləri nəşr edə bilməlidir. Bilik əldə etmədən necə məqalə nəşr etmək olar?
İndi bəzi jurnallar, arzuolunmaz nəşrlər də var. Bunlar başqa markanın adından istifadə edib fəaliyyət göstərənlərdir. Bunlarla bağlı xarici ölkələrdə ciddi işlər gedir. Sovet dövründə universitet daxilində fəaliyyət göstərən jurnallar var idi ki, artıq dünyada aradan qaldırılır. Çünki bir universitetə bağlı elmi xəbərlər ola bilər, elm beynəlmilləşib.
Konfrans aparılmış elmi tədqiqat nəticələrinin ümumi platformasıdır. Bəzən kimsə deyir ki, Amerikada konfransda olmuşam. Xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirakçların 90, hətta 100 faizi eyni ölkədən adamlar olur.
Bu isə konfransın məzmununa uyğun deyil. Biz bunlarla rastlaşırıq və əlbəttə, bu, çox məyusedicidir. Bu məsələlərlə bağlı dünya elm ictimaiyyəti maraqlanır. Artıq Avropa alimləri də ciddi narahatlıq içərisindədirlər. Orada tədbirlər keçirilir, müzakirələr edilir, yəni dünya bununla bağlı artıq işləyir çünki bu böyük problemdir”.
Professor məsələnin həlli yolları barədə də tövsiyələr verib:
“Bakalavrda elmi tədqiqatın əsasları, magistraturada elmi fəaliyyətin qiymətlənidirilməsi, doktoranturada isə elmi fəaliyyətin elmi tədqiqat nəticələrinə koordinasiya olunması fənləri keçilməlidir.
Elmi tədqiqatın nəticəsi yoxdursa, o faydasızdır, heç bir işə yaramır. Onun cəmiyyətin həyatında xüsusi yeri olmalı, ya fundamental elmin inkişafına xidmət etməli, ya da dövlət strukturlarında, tədris və ya istehsal proseslərində istifadəsi təmin olunmalıdır. Elm dayanıqlı inkişafa, ölkənin sosial maddi rifahına dəstək verilməlidir”.