Bu ilin 15 iyunu Azərbaycan Respublikasının şanlı zəfər tarixinə xüsusi əhəmiyyəti olan bir gün kimi daxil oldu. Ölkəmizin azadlığını, müstəqilliyini və dövlətimizin daimi, əbədiyaşar olduğunu bir daha bütün dünyaya bəyan etdik. Həmin gün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanan, özündə ictimai həyatımızın bir sıra aspektlərinə dair vacib məsələləri əks etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş respublika arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan, Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
Dövrümüzün ən tanınmış siyasətçilərinin, politoloqlarının, diplomatlarının qiymətləndirmələrinə görə, Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsinin məntiqi davamı olmaqla Cənubi Qafqazda münasibətlərin yeni konfiqurasiyasının əsasını təşkil edir. Bu bəyannamə bölgədə yerləşən digər dövlətlərin, həmçinin ABŞ, Britaniya, Rusiya, Fransa kimi ölkələrin regionda apardıqları siyasətin istiqamətlərində dəyişiklik etmələrinə səbəb olacaq. Əgər 100 il əvvəl, yəni Qars müqaviləsi bağlanarkən adı çəkilən dövlətlər Azərbaycanın əleyhinə eyni mövqedə dayanırdılarsa, hazırda respublikamızın apardığı uğurlu siyasət nəticəsində əldə olunan müsbət nəticələri qəbul etmək istəyindədirlər. Regionda belə bir reallığın yaranmasında isə Türkiyə Respublikası önəmli rol oynayır.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Tarixi faktlar Türkiyə və Azərbaycan tərəfindən regionda aparılan siyasətdə hər iki qardaş ölkənin haqlı olduğunu sübut etdi. Şuşa Bəyannaməsi reallıqları ortaya qoydu və bu tarixi gerçəkliyi siyasi, iqtisadi müstəvidə bütün region ölkələri, həmçinin bölgədə marağı olan dövlətlər qəbul etməlidirlər. Bu sənədin əsas məqsədi tərəflərin ümumi maraqlarının qorunmasına, bölgədə sülhün və əmin-amanlığın bərpa edilməsinə, tərəflərin imkanlarının birləşdirilməsinə, həm regional, həm də beynəlxalq əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vəhdət halında fəaliyyət göstərilməsinə yönəldilmişdir.
Şuşa Bəyannaməsinin imzalanması ilə regionda yeni inkişaf mərhələsinin əsası qoyuldu. Bu istiqamətdə bəyannamənin ən mühüm aspektlərindən biri hərbi müttəfiqlik məsələlərini əhatə etməsidir. Bu bəyannamə ilə tərəflərin hərbi, siyasi, iqtisadi sahələrdə müttəfiqliyi beynəlxalq hüquq normalarına uyğun olaraq təsbit olunmuş və bütün dünyanın diqqətinə çatdırılmışdır. Burada özünü daha qabarıq göstərən məsələlərdən biri isə hərbi sahədə əməkdaşlıqla əlaqədar iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə digər dövlətlər tərəfindən təhdid və təcavüzlə bağlı hər hansı bir təhlükənin olması müqabilində onların fəaliyyəti ilə bağlıdır. Bu məqam bəyannamədə öz əksini belə tapmışdır: ”Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT nizamnaməsinə uyğun zəruri yardım göstərəcəkdir. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq”.
Həm Azərbaycan, həm Türkiyə, həm də ümumiyyətlə, region üçün tarixi önəm daşıyan Şuşa Bəyannaməsində qeyd edilən məsələlərin yer alması hər iki ölkə üçün təhdid mövqeyində duran bütün qüvvələrə, eyni zamanda, Ermənistandakı revanşistlərə ciddi siyasi, hərbi xəbərdarlıqdır. Bu sənəd ilə faktiki olaraq yeni regional hərbi-siyasi blok yaranmışdır ki, onun da əsas məqsədi ərazi bütövlüyünə təhdid yarandığı halda, ölkələrin bir-birinin yanında olması faktını hərbi, siyasi, diplomatik qaydalarla təsdiq etməkdən ibarətdir.
Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq sahəsində bir sıra məsələlərin həllinə yol açır. Bu, hər şeydən əvvəl, sənədi imzalayan hər iki dövlətin silahlı qüvvələrinin müasir tələblər səviyyəsində modernləşməsindən, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Ordusu modelində qurulmasından, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə strateji fəaliyyətin təmin edilməsindən, hərbi təhlükəsizliyin daimi və əbədi olması üçün təxirəsalınmaz tədbirlərin reallaşdırılmasından, ən son, müasir texnologiyalara əsaslanan hərbi texnika, maşın, mexanizmlərin, silah və sürsatların istehsal və idarə edilməsindən, eyni zamanda, bu istiqamətdə digər məqsədləri həyata keçirmək üçün zəruri qurumların fəaliyyətlərini tənzimləməkdən ibarətdir. Həmçinin bəyannamə əsasında hər iki ölkənin təhlükəsizlik şuralarının ən vacib məsələlər üzrə müzakirələri birgə iclaslarda reallaşdırması nəzərdə tutulmuşdur. Birgə fəaliyyətin bundan sonra vurğulanan formatda davam etdirilməsi tərəflərin bu məsələyə nə dərəcədə ciddi və məsuliyyətlə yanaşmasından xəbər verir.
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti həm də onunla bağlıdır ki, bu tarixi sənəd ictimai həyatımızın digər sahələrinə aid olan məsələlərin həllini də gerçəkləşdirəcək. Başqa sözlə, bəyannamə həm iki ölkə arasında, həm də regionda, eləcə də, beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi məsələ kimi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhlizin açılması isə siyasi önəm daşıdığından daha çox iqtisadi əhəmiyyətə malik olacaq
Şuşa Bəyannaməsi, eyni zamanda, hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, loqistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və s. geniş şərait yaradacaq. Paralel olaraq Cənub Qaz Dəhlizinin tərəflər arasında səmərəli inkişafı gerçəkləşəcək, Azərbaycanın Türkiyə ilə, həmçinin Naxçıvan Muxtar Respublikasının digər regionlarla əlaqəsi bərpa olunacaq. Bu istiqamətdə aparılan siyasətin davamı olaraq Naxçıvan–Qars dəmir yolunun inşa etdirilməsi bölgədə nəqliyyat-kommunikasiya fəaliyyətinin genişlənməsinə və bu yöndə mövcud olan problemlərin həllinə yol açacaq.
Bir sıra siyasətçilərin yanaşmasına görə, Şuşa Bəyannaməsi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikitərəfli hərbi, siyasi, iqtisadi, enerji, nəqliyyat və s. münasibətlərin yeni formuludur. Həqiqətən də, öz mahiyyət və məzmununa görə bu bəyannamə hər iki dövlət üçün bütün parametrləri ilə uyğun bir zamanda və məkanda imzalanmışdır.
İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycan xalqı və dövləti həm geosiyasi, həm də geoiqtisadi məkanda özünün mövqeyini ortaya qoya bilmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regionda, həm də dünyada söz və mövqe sahibinə çevrilmiş və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
İki ölkə arasında artan iqtisadi-ticarət əlaqələri getdikcə genişlənir, onların iqtisadi potensialı artır. Bu əsasda, bölgədə aparıcı rola malik Türkiyə və Azərbaycan geoiqtisadi məkanda daha fəal olmağa iddialıdırlar. Çünki bu istiqamətdə hər iki ölkənin məram və məqsədi iqtisadi cəhətdən bölgənin daha da inkişaf etdirilməsinə, sülhün daimi olmasına, bölgə xalqlarının firavan yaşamasına şərait yaratmaqdan ibarətdir.
Bəyannamədə öz əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən və bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Belə ki, qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Statistik məlumatlara əsasən, bu günə kimi, Türkiyə iqtisadiyyatına Azərbaycan tərəfindən 20 milyard dollar, Azərbaycan iqtisadiyyatına isə Türkiyə tərəfindən 15 milyard dollar investisiya yatırılmışdır. Hər iki dövlət tərəfindən bu istiqamətdə fəaliyyətin genişləndirilməsi strateji məsələ kimi qarşıya qoyulmuşdur. Türkiyə Prezidenti bəyannamə imzalanan gün öz ölkəsinin işğaldan azad olunmuş zonalarda investisiya qoyuluşları vasitəsi ilə daha geniş fəaliyyət göstərəcəyi istəklərini, məqsədlərini də bəyan etmişdir.
İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha da ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir.
Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, həm siyasi, həm də mənəvi tərəfi vardır. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Bu, eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır.
Şuşa Bəyannaməsinin imzalanması iki ölkə vətəndaşlarının, şirkətlərin turizm sahəsindəki əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq. Buna təkan verən məsələlərdən biri də bir qədər əvvəl iki ölkə vətəndaşlarının qarşılıqlı olaraq şəxsiyyət vəsiqələri vasitəsi ilə səyahətlərinə icazə verən razılığın əldə olunmasıdır. Bunun nəticəsində dünyada unikal təbiətə malik Qarabağın ən gözəl turizm məkanına çevriləcəyi şübhəsizdir.
Şuşa Bəyannaməsinin ortaya qoyduğu mühüm məsələlərdən biri də bölgədə informasiya siyasəti və lobbiçilik məsələləridir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət vardır. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapmışdır: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyatı olan qurumları arasında informasiya, kommunukasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və s.
Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə qardaşlığının həm siyasi, həm iqtisadi, həm hərbi, həm mənəvi simvoludur. Bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi sonluğudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi kəlamları ilə formalaşan iki dövlət arasındakı münasibətlər Şuşa Bəyannaməsi ilə özünün məntiqi zirvəsinə yüksəlmişdir.
Əvəz ƏLƏKBƏROV,
BMT-nin Sülh səfiri,
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri,
Əməkdar müəllim, iqtisad elmləri doktoru, professor