UNEC-in 95 illik yubileyi münasibətilə tanıtım tədbirləri çərçivəsində Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Yusif Əliyev və “İqtisadiyyat və İşlətmə” kafedrasının müəllimi Fuad Ağaməmmədli Sabirabad, Saatlı və İmişli rayonlarında yerləşən bir sıra orta ümumtəhsil məktəblərində abituriyentlərlə görüşlər keçiriblər.
Görüşlər Sabirabad rayonunun 1, 5, 6 saylı tam orta məktəbləri və 2 saylı Beynəlmiləl Təbiət və Texniki Təmayüllü Məktəb-Liseyində, Saatlı rayonunun 1, 4 saylı məktəbləri və Ali Sədimoğlu adına Smada kənd tam orta məktəbində, həmçinin İmişli rayonunun 1, 3, 5 və 7 nömrəli tam orta məktəblərində baş tutub.
Abituriyentlərə UNEC-in tarixi, missiyası, strateji dəyərləri və ali təhsil sahəsindəki mövqeyi barədə ətraflı məlumat verilib. Universitetin beynəlxalq reytinqlərdə tutduğu yer, xarici tərəfdaş ali məktəblərlə əməkdaşlıqları, akademik potensialı və müasir infrastruktur imkanları təqdim olunub. Həmçinin UNEC-də tədris olunan ixtisaslar, təhsil və imtahan prosesi, təqaüd və beynəlxalq mübadilə proqramları barədə geniş məlumat verilib. Eyni zamanda, ikili diplom, UDİD və MINOR proqramları, tələbə təşkilatları, “Bir pəncərə” xidməti və Kitabxana İnformasiya Mərkəzinin üstünlükləri vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.