×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Не удалось удалить index.html


A

"Azərbaycan müəllimi" qəzeti

Ülkər Səttarova: “Universitetlərimizdə elmi fəaliyyətin gücləndirilməsinə ehtiyac var”

Azərbaycan universitetlərinin beynəlxalq reytinq sıralamalarında  irəliləməsi üçün hansı zəruri addımlar atılmalıdır? Müsahibimiz Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovadır.

İlk növbədə, beynəlxalq reytinq agentliklərinin bu sıralamanı necə tərtib etməsi, hansı meyarları əsas götürməsi məsələsinə toxunmaq istərdim. Bu meyarlar bütün reytinq sistemlərində təxminən eynidir, əsasən tədris, elmi fəaliyyət, elmi tədqiqat, ali məktəbin beynəlxalq nüfuzu kimi sahələri əhatə edir. Digər meyar universitetin akademik və işəgötürənlər arasında reputasiyasıdır. Digər məsələlər texniki mahiyyət daşıyır: orada universitetin profili, hesabatlılıq olmalıdır. Ali məktəbin fəaliyyətinə dair bütün informasiya düzgün və vaxtında universitetin profilində öz əksini tapmalıdır.

“Ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə irəliləməsi üçün hansı zəruri addımlar atılmalıdır” sualının cavabına gəlincə, burada xüsusi olaraq əsas diqqəti universitetlərin elmi fəaliyyətinə yönəltmək istərdim. Universitetlərimiz tarixən daha çox tədrisə fokuslanıb. Elmi fəaliyyət olsa da, o qədər də prioritet olmayıb.

Birmənalı şəkildə qeyd olunmalıdır ki, universitetlərimizdə elmi fəaliyyətin gücləndirilməsinə ehtiyac var.  Bu, təkcə reytinqlərdə deyil, ölkənin müxtəlif göstəricilərində də öz əksini tapır. Dolayısı ilə də elmi fəaliyyətin səviyyəsi beynəlxalq qurumlar tərəfindən ölçüləbilən göstəricilərə  birbaşa təsir göstərir. Ona görə də universitetlərimizdə elmi fəaliyyətin səviyyəsi nə qədər yüksək olsa,  reytinqlərdəki göstəricilərimiz də  bir o qədər yaxşı olacaq. Elmi fəaliyyət dedikdə, bu, məqalə sayı ilə yox, yazılmış, hazırlanmış elmi-tədqiqat işlərinin, nəşrlərinin keyfiyyəti, eyni zamanda həmin işlərin tətbiqi, multidisiplinar olması ilə əlaqəlidir. Buraya universitetlərimizin elm sahəsində beynəlxalq əməkdaşlığı da daxildir, yəni universitetlərimiz digər ölkələrin universitetləri ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın elmi istiqamətdə olması çox önəmli bir amildir.

Məlum olduğu kimi, ölkə başçısının müvafiq sərəncamı ilə AMEA-nın nəzdində olan elmi müəssisələrin Elm və Təhsil Nazirliyinin tabeçiliyinə verilməsindən sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi olaraq biz də artıq vahid komanda halında fəaliyyət göstəririk. Düşünürəm ki, bizim ali təhsil müəssisələrimizin öz daxillərində elmi fəaliyyəti gücləndirməklə bərabər, adıçəkilən elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq etməsi də bu fəaliyyətin  bir qədər də gücləndirilməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, ETN-nin tabeliyinə verilən elmi-tədqiqat institutları texniki sahəni əhatə edir və çox elmtutumlu və elmi bibliometrik göstəricilərinə görə ölçülə bilən beynəlxalq göstəricilərinə görə həmişə humanitar sahələrə nisbətən daha güclü olublar. Universitetlərimizin bu elmi-tədqiqat institutları ilə birgə sıx əməkdaşlıq etmələri və  artıq Elm və Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərməsi ilə bu göstəriciləri yaxşılaşdırmaq daha asandır. Bir çox hallarda bu elmi camiə birgə fəaliyətlə daha yaxşı məhsul ortaya qoya bilər.

Əslində bu əlaqələr müəyyən mənada, təbii ki,  mövcud olubdur. İndi onların  daha sıx və eyni qurum tabeçiliyində fəaliyyət göstərməsi, əməkdaşlıq etməsi həm elmi-tədqiqat institutları, həm də universitetlərimniz üçün faydalı olacaq.

Optimallaşdırma universitetin mövqeyini gücləndirə bilər

Digər kriteriyalardan vacib olanı tələbə-müəllim nisbətidir. Bu nisbət nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Universitetdə fəaliyyət göstərən müəllimlərin sayı tələbələrin sayı ilə proporsiya baxımından yüksək olsa bir o qədər yaxşıdır.  Məsələn, 100 tələbəyə neçə müəllim düşür? Əgər 1 universitetdə bu qədər tələbəyə 5, digər universitetdə isə 1 müəllim düşürsə daha çox müəllimi olan  universitetin mövqeyi daha yaxşı olur. Burada da müəyyən optimallaşdırmanın aparılması zəruridir. Eyni zamanda əcnəbi tələbələrin, əcnəbi müəllimlərin sayı da önəmlidir. Bu da öz-özlüyündə elmi sahədə də elmi kooperasiyaya gətirən bir istiqamətdir. Təbii ki, əcnəbi müəllimlər universitetdə fəaliyyət göstərirsə, onların yerli müəllimlərlə həm məqalələr yazmağa, həm də birgə layihələr işləyib təqdim etməyə şansları artır. Bu da müsbət amildir. Əcnəbi tələbələrin çoxluğu onu göstərir ki, universitetin beynəlmiləlləşmə strategiyası düzgün gedir. Universitet qlobal miqyasda maraq kəsb edir. Yəni xarici ölkələrdən gələn vətəndaşlar bu universitetdə təhsil almaqda maraqlıdırlar. Bu universitetdə təhsil onlar üçün maraq doğurur. Bu da  bir göstərici olaraq qəbul olunur. Ona görə də universitetlərimizin təşviqat kampaniyaları var. Ancaq onlar daha məqsədyönlü olsa, adıçəkilən istiqamətdə də optimallaşdırma aparılsa, universitetin mövqeyinin güclənməsi baxımından daha yaxşı olar.

Reputasiya amili

Müxtəlif reytinqlər var ki, onların bu məsələyə yanaşmaları fərqlidir. Söhbət reputasiya sorğularından gedir. Elə reytinq komandaları var ki, onlar ekspert bazasını yalnız özləri formalaşdırır. Digərləri var ki, onlar universitetlərdə də bu işlərin təşviqatına müsbət baxırlar. Ümumi olaraq universitetin reputasiyası həm akademik dünyada, həm də işəgötürənlər arasında, yəni əmək bazarını təmsil edən şirkətlər arasında (bunlar təkcə sənaye sahələri deyil, dövlət qurumları da ola bilər) reputasiyanın ölçülməsinə xidmət edir. Akademik reputasiya dedikdə, həm ölkə daxilində, həm xaricdə fəaliyyət gösrərən ali təhsil müəssisələrinin akademik heyət üzvləri arasında keçirilən sorğuların nəticələri başa düşülür. “Siz hansı universitetləri uğurlu və yaxşı universitet hesab edirsiniz?” Eyni zamanda da ölkədə fəaliyyət göstərən şirkətlər, işəgötürənlər arasında da sorğu keçirilir. Həmin sorğular email vasitəsilə gəlir və sorğuda bir deyil, hətta onlarla universitet seçmək imkanı var. Akademik reputasiyadan danışırıqsa, sorğuda iştirak edən həmin müəllim və ya professor,  eləcə də digər universitet rəsmisi həm öz ölkəsində, həm xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrini seçir. Onların müsbət fəaliyyətinə səs verir. Bu da universitetin reytinq göstəricilərinə təsir edir. Bu, müxtəlif reytinq sıralamalarında müxtəlif faiz göstəricilərində ifadə olunur. Metodologiyalar eyni reytinq komandasında hər 3-4 ildən bir dəyişir. Ona görə də faizlər də dəyişə bilər.   Amma elmi fəaliyyət, tədris, beynəlmiləlləşmə, reputasiya - bunlar əsas meyarlar hesab olunur. Eyni zamanda orada az faiz çəkisi olan meyarlar da var. Onlarda  da reytinqdən reytinqə cüzi dəyişikliklər olur.

Universitetlərimizin reytinqdəki mövqeyi onların potensialından aşağıdır

Söylənilənləri ümumiləşdirsək, münbit, müasir tədqiqat şəraitinin yaradılması, beynəlmiləlləşmə strategiyasının olması və xarici tələbələrin, müəllimlərin, xaricdə təhsil almış Azərbaycan vətəndaşlarının universitetdə  işləmələri, təhsil almalarının təşviq edilməsi də mühüm faktorlardır. Eyni zamanda dediklərimə onu da əlavə etməliyəm ki, bizim universitetlərin, söhbət daha böyük universitetlərimizdən gedir, reytinqlərdə olan mövqeyi, təhlillər onu göstərir ki, onların mövqeləri özlərində olan potensialdan aşağıdır. Yəni bizim universitetlərin potensialını götürsək onlar qlobal reytinqlərdə daha yaxşı mövqe əldə edə bilərlər. Və ona layiqdirlər. Bunun üçün yuxarıda dediklərimdən əlavə olaraq, təbii ki, universitetlərdə yaxşı reytinq komandaları olmalıdır. Çünki bir çox məlumatları tapmalıdırlar. Məlumatlar universitetin daxilində toplanmalı, emal olunmalıdır. Dürüstləşmə aparılmalıdır. Bunun üçün yaxşı, müasir trendləri yaxşı başa düşən gənc komandalara ehtiyac var. Belə komandaların daimi olaraq ilboyu  universitetdə fəaliyyət göstərməsi çox vacibdir.

Bəzi universitetlərdə belə bir təsəvvür var ki,  bu iş yalnız reytinqlər elan olunmamışdan bir-iki ay əvvəl başlayır. Bu, əsla belə deyil. Reytinqlər istiqamətində fəaliyyət sırf reytinq komandası tərəfindən demək olar ki, ilboyu aparılmalıdır. O ki qaldı universitetin yuxarıda qeyd etdiyimiz  strateji istiqamətlərinə, onların təbliğatı, təşviqatı ilboyu aparılmalı, universitetin sənədlərində, strategiyalarında, strateji inkişaf proqramlarında öz əksini tapmalı və mütəmadi olaraq monitorinq olunmalıdır. Güclü və zəif tərəfləri müəyyənləşdirilməlidir.

Biz daha yaxşı nəticələr əldə edə biləcəyik

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi olaraq biz artıq müxtəlif istiqamətlərdə təlimləri və məlumat sessiyalarını təşkil edir,  qlobal reytinq qurumlarının komandalarını, nümayəndələrini Azərbaycana dəvət etməklə silsilə tədbirlər keçirmişik. Bu iş davam edəcək. Bu tədbirlər əsasən təlim xarakterlidir. Biz çalışırıq ki, universitet ictimaiyyətinə, xüsusilə universitetlərdə çalışan, reytinq sahəsində formalaşan komandalara dəstək olaq, eyni zamanda universitet rəhbərlərindən tutmuş orta səviyyəli menecerlərə qədər müxtəlif məlumatverici vasitələrlə informasiyaları çatdırırıq. Bundan əlavə, öz sosial şəbəkələrimizdə reytinqlərə aid son xəbərləri, onların metodologiyalarında olan yenilikləri də ictimaiyyətə çatdırırıq.

Düşünürük ki, bir-iki il öncəyə baxsaq, bu metodologiyalar haqda bilgilər çox məhdud sayda insanları əhatə edirdi. Ancaq Agentlik tərəfindən bu kimi təşəbbüslər, təlimlər,  daimi, sistemli iş artıq müəyyən nəticələr verib. Bizim reytinqlərdə təmsil olunan universitetlərimizin sayında hər hansı istiqamətdə baxsaq, kifayət qədər böyük irəliləyiş var. Artıq müxtəlif istiqamətlər üzrə qlobal reytinqlərdə Azərbaycan öz mövqeyini gücləndirməkdədir. Bu, artıq son bir-iki il ərazində müşahidə olunur.

Düşünürük ki, həm Elm və Təhsil Nazirliyi, həm Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həm də universitetlər öz təşəbbüslərini, birgə fəaliyyətlərini bu cür davam etdirsələr, biz daha yaxşı nəticələr əldə edə biləcəyik.

TOP XƏBƏRLƏR