“UNEC-də kitab müzakirələri” adlı silsilə tədbirlərin davamı olaraq Dizayn kafedrasının təşkilatçılığı və “UNEC Library İnformation Center”-in dəstəyi ilə Dizayn kafedrasının baş müəllimi Əli Əliyevin “Abşeron rəssamlıq məktəbi haqqında düşüncələr” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova açaraq “Abşeron rəssamlıq məktəbi” haqqında məlumat verərək, Bakıda təşkil olunan çoxsaylı sərgilərdə Abşeron rəssamlıq məktəbi nümayəndələrinin əsərlərinin hər zaman özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə seçildiyini və zamanına görə böyük fədakarlıq nümunəsi olduğunu vurğulayıb.
Dizayn kafedrasının baş müəllimi Əli Əliyev müəllifi olduğu monoqrafiyası haqqında geniş məlumatı tədbir iştirakçılarına çatdıraraq, Abşeron rəssamlıq məktəbi nümayəndələrinin təsvir etdikləri tablolarda dövrün ictimai siyasi mövzularını öz fərdi təxəyyüllərinə əsasən əks etdirdiklərini qeyd edib.
Tədbirin qonaqları Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının "Tənqid və sənətşünaslıq" bölməsinin sədri, "Sənətşünaslığın təbliği" İctimai Birliyinin sədri, professor Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Reklamçılar İttifaqının üzvü reklamçı rəssam Oqtay Əliyev, Bakı İncəsənət Mərkəzinin direktoru, tədqiqatçı rəssam Rafael Gülməmmədov öz çıxışlarında “Abşeronçu”ların hamısına nümunə olacaq və Azərbaycan milli incəsənətinin müasir rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlardan biri olan Fərhad Xəlilovun öz fərqli tərzi, dünyaya özünəməxsus baxışı, fərdi ifadə üslubundan bəhs edən Əli müəllimin monoqrafiyasının aktual olduğunu bildiriblər.
Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova monoqrafiya haqqında öz fikirlərini bölüşərək, Fərhad Xəlilovun əsərlərinin yaşadığı mühit çərçivəsində, eləcə də Qafqaz regionunda unikal hesab edildiyini, onun yaradıcılığında Abşeron motivlərinin əhəmiyyətli yer tutduğunu qeyd edib.
Tədbir monoqrafiya ətrafında müzakirələrlə davam edib.