“UNEC-də kitab müzakirələri” layihəsi çərçivəsində növbəti müzakirə görüşü baş tutub.
Kitabxana İnformasiya Mərkəzinin dəstəyi və Ümumi fənlərin tədrisinin təşkili departamentinin “Karyera planlaşdırılması və inkişafı” kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə James Clearın “Atomik vərdişlər” kitabı ilə bağlı müzakirə aparılıb.
Təsadüfi deyil ki, dünyada mövcud olan bestseller kitabları arasında “Atomik vərdişlər” kitabı yerli və xarici mütəxəssislər tərəfindən oxunması ən çox tövsiyyə olunan kitablardan biridir.
Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru Gülnarə Rzayeva və “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri Rəşad Məhərrəmov çıxış edərək, qeyd ediblər ki, bu gün cəmiyyətdə insan amilinin formalaşmasında, fərdin şəxsiyyətə çevrilməsində, gənc nəslin bilik dairəsinin inkişaf etdirilməsində mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitabın rolu böyükdür. Bu mənada oxunması zəruri olan kitabların müzakirəsinin keçirilməsi tələbələrdə mütaliəyə olan marağın artmasına mühüm təsir edəcək.
Kafedranın müəllimi Vüsalə Hüseynova kitabı təqdim edərək, bildirib ki, uğuru şərtləndirən əsas amillərdən birinin məhz vərdişlər olduğu və hər bir şəxsin öz vərdişləri üzərində işləmələrinin əhəmiyyəti vacib şərtlərdəndir.
Görüşün sonunda müzakirədə aktiv şəkildə iştirak edən dinləyicilərə oxuma vərdişinin təşviqi məqsədi ilə şəxsi inkişafla bağlı kitablar hədiyyə edilib.