UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “İqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə COP29 Tədbirlər Planı çərçivəsində tələbə və müəllimlərin iştirakı ilə növbəti tədbir həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan “İqtisadiyyat” kafedrasının müdiri, dos. Suqra Hümbətova COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın yaşıl enerjiyə keçid və ekoloji problemlərin həlli yolunda nümayiş etdirdiyi konstruktiv mövqeyi və atdığı səmərəli addımlar haqqında məlumat verib.
Kafedranın baş müəllimi Təranə Şirvanova “Xəzərin ekoloji problemlərinin həllində geosiyasi amillərin rolu” mövzusunda təqdimatla çıxış edib. Çıxışda Xəzər dənizinin ekosisteminin xüsusiyyətləri, ekoloji problemləri haqqında geniş məlumat verilərək, regionda və dünyadakı geosiyasi amillərin Xəzərin ekoloji problemlərinin həllinə göstərdiyi təsiri nəzərə çatdırılıb. Bir sıra maraqlı statistik məlumatları açıqlayan məruzəçi eyni zamanda Xəzərin xilası üçün COP 29-un yarada biləcəyi imkanların əhəmiyyətini qeyd edib. Tədbirdə iştirak edən dosentlər Pərviz Səmədov, Emin Qəribli də mövzu haqqında öz fikirlərini bildirərək, onun aktuallığını qeyd ediblər.