A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi UNEC Səhiyyə İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə COP29 çərçivəsində “Tibb işçilərinin əməyinin motivasiyası və stimullaşdırılması” mövzusunda onlayn beynəlxalq seminar keçirilib.

Seminarın moderatoru, UNEC Səhiyyə İqtisadiyyatı Mərkəzinin rəhbəri Sevda Məmmədova tibbi xidmət göstərənlər üçün əməyin motivasiyasının xüsusiyyətləri barədə ətraflı məlumat verib. Bu istiqamətdə mövcud olan çətinliklər, problemlər, eləcə də onların həlli istiqamətində fikirlər səsləndirib.

Mərkəzin tədqiqatçısı, Sankt-Peterburq "D.O.Otto adına Ginekologiya və Reproduktologiya Elmi-Tədqiqat İnstitutunun “Anesteziologiya və reanimasiya” şöbəsinin müdiri prof. Yekaterina Upryamova «Tibb işçilərinin əməyinin motivasiyası və stimullaşdırılması» mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi tibbi heyətin qiymətləndirilmə mexanizmləri barədə məlumat verib, müasir dövrdə ən mühüm məsələ kimi hər bir təşkilatın fərdi motivasiya strategiyasının işlənib hazırlanması və tətbiq edilməsi olduğunu vurğulyıb. Dünya təcrübəsini iştirakçılarla bölüşən məruzəçi Rusiyada qəbul edilən “Sağlamlıq proqramları” haqqında danışıb.

Mərkəzin tədqiqatçısı,  Ural Federal Universitetinin laboratoriya müdiri dos. Eduard Patrakov “Qeyri-maddi stimullar və motivasiya” mövzusunda təqdimatla çıxış edib.  Motivasiya və həvəsləndirmə arasında mövcud olan fərqlərdən danışıb, motivasiya nəzəriyyələri və modelləri, heyətin motivasiyasını artıran əsas amillər haqqında geniş məlumat verib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Tədbirin sonunda UNEC Avrasiya iqtisadiyyatı Beynəlxalq ETM-in rəhbəri prof. Zahid Məmmədov noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransı haqqında ətraflı məlumat verərək, məruzəçi və iştirakçıları tədbirdə aktiv iştirak etməyə dəvət edib. O  qeyd edib ki, Azərbaycanın tədbirə ev sahibliyi etməsi ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək məqsədi daşıyır.

TOP XƏBƏRLƏR