Azərbaycan Dövlət Aqrar Universitetində “Kitabxana 5.0: Universitet kitabxanalarının yeni missiyası” adlı forum təşkil olunub.
Universitet kitabxanalarının dəyişkən funksiyalarını, inkişaf dinamikasını və gələcəyə dair perspektivlərini geniş müzakirə müstəvisinə çıxarmaq məqsədilə keçirilən forumda UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) rəhbəri tar.ü.f.d. Adilə Abdullayeva da iştirak edib. O, “Müasir kitabxana mərkəzlərinin qarşıya qoyduğu hədəflər” mövzusunda çıxış edərək, akademik kitabxanalarda tədris və elmi-tədqiqat fəaliyyətinə sistemli informasiya-resurs dəstəyi, elmi resursların rəqəmsallaşdırılması və elektron kitabxana fondlarının formalaşdırılması, beynəlxalq elmi bazalara çıxışın təmin olunması, akademik istinad sistemləri və məlumat idarəetmə proqramlarının tətbiqi ilə bağlı məqamları iştirakçıların dittəqinə çatdırıb. Həmçinin bu istiqamətdə UNEC-in təcrübəni iştirakçılarla bölüşüb.
Forumda UNEC-lə yanaşı, AMEA Mərkəzi Elmi kitabxanasının, ADA universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Qarabağ universiteti, Sumqayıt Dövlət Universiteti kimi bir sıra ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, eləcə də ölkənin aparıcı kitabxana mütəxəssisləri çıxış ediblər.
Sonda iştirakçılar universitet kitabxanalarının inkişafında təcrübə və ideya mübadiləsinin, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar, qarşıya qoyulmuş hədəflərin həlli istiqamətində təklif və tövsiyələr səsləndiriblər.