Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Mərkəzi Elmi Kitabxananın yaranmasının 100 illiyinə həsr olunan “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda IV Respublika elmi konfransı keçirilib.
Konfransda UNEC-i Kitabxana İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva və KİM-in əməkdaşları Rəsmiyyə Rzayeva, Səidə Rzayeva və Gülyanaq Verdiyeva təmsil ediblər.
Kitabxana əməkdaşları “UNEC-in Kitabxana-İnformasiya Mərkəzində istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üçün innovativ istiqamətlər”, “Rəqəmsal kitabxanaların formalaşdırılması və idarə olunması”, “Kitabxanaların elm və cəmiyyətin qarşılıqlı əlaqəsində yeri” adlı mövzularda ayrı-ayrı bölmə iclaslarında çıxış ediblər. Çıxış zamanı konfrans iştirakçılarına UNEC-in Kitabxana-İnformasiya Mərkəzində istifadəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən innovativ layihələr, elektron resurslardan istifadə, süni intellekt və rəqəmsal xidmətlər, virtual sərgilər barədə ətraflı məlumat verilib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.