UNEC Biznes Məktəbinin dosenti Sevda Rzayeva, MBA Proqramının “Proqram təminatı mühəndisliyi” ixtisaslaşması üzrə II kurs magistrantı Günay Əhmədzadə və UNEC-in nəzdində fəaliyyət göstərən “Tətbiqi Süni İntellekt Tədqiqat Mərkəzi”nin rəhbəri, B.P.Poddar Institute of Management and Technology-nin dosenti Dr. Debarati Dey Roy ilə birgə həmmüəllifliyi əsasında “Python Programming and Developing OOP Applications with Challenges” adlı dərslik nəşr olunub.
Dərslik Python proqramlaşdırma dili və obyekt yönlü proqramlaşdırma (OOP) sahəsində nəzəri və praktiki biliklərin inteqrasiyası məqsədilə hazırlanmışdır. Vəsaitdə real dünya problemləri, tətbiq nümunələri və praktik tapşırıqlar vasitəsilə proqramlaşdırma biliklərinin dərindən mənimsənilməsi hədəflənmişdir. Həmçinin bu nəşr SCOPUS bazasında indekslənəcək.
Kitab:
- Proqramlaşdırmanın əsas prinsiplərinin izahını,
- Obyekt yönlü yanaşmanın tətbiq metodologiyasını,
- Tələbələrin proqramlaşdırma bacarıqlarını inkişaf etdirməyə yönəlmiş praktiki çalışmalar toplusunu əhatə edir.
Dərslik yalnız UNEC tələbələri üçün deyil, eyni zamanda proqramlaşdırma sahəsinə maraq göstərən tədqiqatçılar, müəllimlər və mütəxəssislər üçün də tövsiyə olunan tədris vəsaiti kimi qiymətləndirilir.