Bakı Ekspo Mərkəzində keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi jurnallarının təqdimatı keçirilib.
Təqdimatda UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva UNEC-in mövcud elmi jurnalları və onların beynəlxalq akademik məkanla inteqrasiyası barədə geniş məlumat verib. O, həmçinin “UNEC Journal of Engineering and Applied Sciences (JEAS)” və “UNEC Tələbə Tədqiqatları” jurnalları barədə də ətraflı təqdimat həyata keçirib.
Çıxışında Nərgiz Hacıyeva qeyd edib ki, UNEC-in elmi jurnalları “UNEC 100 İnkişaf Strategiyası”nın hədəflərinə uyğun olaraq beynəlxalq keyfiyyət standartlarına cavab verir.
UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev “UNEC Journal of Economic Sciences: Theory and Practice” və “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri”, “İqtisadiyyat” kafedrasının müdiri dosent Suqra Hümbətova “UNEC Journal of Economics and Management Advances” (UNEC JEMA), UNEC-in “Rəqəmsal İqtisadiyyat və İKT” kafedrasının dosenti Təranə Əliyeva “UNEC Journal of Computer Science and Digital Technologies” (JCSDT), “Dizayn” kafedrasının müdiri dosent Elfanə Qasımova isə “Dizaynın aktual problemləri” adlı jurnallar barədə statistik göstəriciləri, istinadları, mövcud çətinlikləri və gələcək inkişaf imkanlarını təqdim ediblər.
Qeyd olunub ki, UNEC-in bütün jurnalları vahid açıq giriş sistemi olan OJS (Open Journal Systems) platforması üzərindən fəaliyyət göstərir ki, bu da beynəlxalq standartlara uyğunluq və şəffaflıq baxımından mühüm üstünlüklər təmin edir. Xüsusi olaraq, Scopus-da indekslənmiş “UNEC Journal of Economic Sciences: Theory and Practice” və Q2 kvartilində qərarlaşmış “UNEC Journal of Engineering and Applied Sciences” jurnallarının beynəlxalq uğurları vurğulanıb. Jurnallar iqtisadiyyat, mühəndislik, tətbiqi elmlər, sosial elmlər və idarəetmə sahələrini əhatə edir.
Sonda jurnal redaktorlarına ünvanlanan suallar cavablandırılıb, iştirakçılar jurnalların inkişafı və beynəlxalq akademik aləmdə mövqeyinin gücləndirilməsi istiqamətində müzakirələr aparıblar.