A

UNEC-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici seminar təşkil olunub.

Tədbir UNEC-in Mühəndislik fakültəsi və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili (TMİƏT) şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Seminarı giriş sözü ilə açan fakültənin dekanı, dosent Elçin Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşməsi, zəngin milli-mədəni irsi və incəsənət ənənələri şəhər və rayonlarımızın memarlıq simasına mühüm təsir göstərib. Eyni zamanda, müasir dövrün çağırışları və əhalinin artım tempi nəzərə alınaraq müxtəlif regionların orta və uzunmüddətli inkişafını əhatə edən baş planlar təsdiq edilib.

Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının baş müəllimi Yeganə Kərimli “Azərbaycanda dayanıqlı şəhərsalma və müasir memarlıq yanaşmaları” mövzusunda təqdimatla çıxış edib. UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Lalə Quliyeva isə “Ekoloji planlaşdırma: Ağıllı kənd və şəhərlər” mövzusunda məruzə ilə çıxış edərək dayanıqlı inkişaf prinsipləri, urbanizasiya prosesinin yaratdığı çağırışlar və bu problemlərin həllində memarlıqla şəhərsalmanın rolundan bəhs edib.

Məruzələrdə sənaye zonalarının regenerasiyası, ekoloji tarazlığın qorunması, balanslaşdırılmış inkişaf, rəqəmsal transformasiya və gələcək nəsillər üçün strateji planlaşdırma məsələləri geniş müzakirə olunub.

Qarşılıqlı müzakirə şəraitində davam edən seminarın sonunda TMİƏT şöbəsinin müdiri Rəna Hüseynova, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Azər Məmmədov, baş müəllim Vüsalə Musayeva və digər iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay