Türkiyə respublikasının Antalya şəhərində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və türkdilli ölkələrin bir çox universitetlərinin dəstəklədiyi “TUDSAK 2017” Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konfransı keçirilib.
İqtisadiyyat, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi, tarix, coğrafiya, sosiologiya, ekologiya və s. mövzularda müzakirələrin aparıldığı konfransda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Makedoniya, Bosniya və Hersoqoviniyanın müxtəlif universitetlərindən 150-dən çox alim iştirak edib.
Konfransda UNEC-i “İqtiadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev, Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev və Türk Dünyası İşlətmə fakültəsinin dekanı, dosent Ferrux Tuzcuoğlu təmsil edib.
Konfransın Azərbaycana özəl bölməsində UNEC professoru Məhiş Əhmədov “Azərbaycanın müasir inkişaf strategiyası inklüziv iqtisadi artıma kecid konsepsiyasıdır” mövzusunda çıxış edib. Professor müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi inkişafda əldə olunan uğurlar, yaradılan iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, infrastruktur, əhalinin sosial rifahının yaxşılaşması səviyyəsi, habelə normativ-hüquqi qanunvericilik və institusional baza ölkəmizə inklüziv iqtisadi artıma keçidi əməli bir problem kimi qarşıya qoymağa imkan verdiyini bildirib.
Məruzəçi ölkəmizin konkret statistik materiallarının GZİT təhlilinə və dəyərləndirilməsinə, “Azərbaycan Respublikasında milli iqtisadiyyatın perspektivi üzrə strateji yol xəritəsi”nin prinsipial müddəalarına, hədəflərinə, baxışlarına əsaslanaraq qarşıya qoyulan məqsədə çatmağın başlıca yollarını, real potensial imkanlarını və reallaşma mexanizmlərinin təkmilləşdirilməsinin prioritetlərini əsaslı surətdə konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Bölmənin moderatoru professor M.Əhmədovun məruzəsinin elmi-metodoloji və əməli xarakterinin güclü olduğunu xüsusi qeyd edib.
UNEC professoru Ümidvar Əliyev isə “Azərbaycanda milli iqtisadiyyatın davamlı inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Natiq davamlı inkişafın təmin edilməsində Azərbaycan respublikasının milli iqtisadiyyat perspektivləri üzrə strateji yol xəritəsinin rolundan bəhs edib. Konfrans iştirakçılarının böyük marağına səbəb olan məruzə ətrafında müzakirələr aparılıb.
“XXI əsrdə türk dünyası sosial-iqtisadi və texnoloji inkişaflar kontekstində hansı strategiyanə təqib etməlidir” panelində isə G.Musayev “Türkdilli ölkələrin təhsil sistemlərinin inteqrasiyası”, F.Tuzcuoğlu “Günümüz dünyasını formalaşdıran vasitələr çərçivəsində XXI əsrdə Türk Dünyası Strategiyası” mövzusunda məruzə ilə çıxış ediblər.