A

“Elmi-tədqiqat” ili çərçivəsində UNEC-də hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlər keçirilir.

Növbəti elmi-praktiki seminar  Texnologiya və dizayn fakültəsində “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrası rəhbərliyinin təşkilatçılığı ilə keçirilmişdir. “İnformasiya cəmiyyətinin qurulmasında texnoparkların yeri və rolu” mövzusuna həsr edilmiş bu seminarda fakültə rəhbərləri, kafedra müdirləri, professor – müəllim heyəti və tələbələr iştirak etmişlər.

Seminarda giriş sözü ilə Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətləndirilməsində və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, yeni texnologiyaların, e-hökümət həllərinin tətbiqində və genişzolaqlı şəbəkə xidmətlərinin və İKT üzrə insan resurslarının inkişafında xüsusi əməyi olan akademik Əli Abbasov çıxış edib.

Respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edən Əli Abbasov respublikada İKT sektorunun sürətli inkişafı və sektorun inkişafına yaxından dövlət dəstəyinin nəticəsində beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycanın öz mövqeyini ilbəil möhkəmləndirdiyini bildirib. İnformasiya cəmiyyətinin inkişafının mühüm istiqamətlərindən bəhs edən Ə.Abbasov öz nitqində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı hesabına Azərbaycan kimi kiçikmiqyaslı bazar üçün iqtisadiyyatın irimiqyaslı quruculuq işlərində innovativ yanaşmanın tətbiq edilməsinin və kapitalın təbii resurslardan asılı olan iqtisadiyyatın digər sahələrinə - texnoloji tutumlu məhsul və xidmətlərə ayrılmasının vacibliyini xüsusilə qeyd edib.

O, bilik iqtisadiyyatına keçid dövründə genişzolaqlı internet və müasir rabitə infrastrukturunun yaradılmasını nəzərdə tutan “Azərbaycan 2020: Gələcəyə baxış”, “Böyük İpək yolu” kimi layihələr, elektron xidmətlərin tətbiqinin genişləndirilməsini təmin edən “Tier 3” səviyyəli “Data Mərkəz”in və Yüksək Texnologiyalar Parkının qurulması, texnoparkların yeri və rolu haqqında  məlumatı elmi – praktiki seminarın iştirakçılarının diqqətinə çatdırıb.

Mövzu üzrə məruzəçi - kafedranın müəllimi Könül Mirzəmmədova milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə fəal daxil olması zəminində elmin, sənayenin və kapitalın spesifik inteqrasiyasına əsaslanaraq elmi ideyaların, tətbiqi işlərin və elmi araşdırmaların nəticələrini istehsalatda birləşdirən əhəmiyyətli funksional təşkilati struktur kimi texnoparkların milli innovasiya sistemində yerindən və rolundan bəhs edib. O, texnoparkların yaradılması üzrə beynəlxalq təcrübəyə əsaslanaraq ABŞ nümunəsində - Stanford Universiteti nəzdində yaradılan dünyanın ilk və ən böyük texnoparkı "Silikon Vadisi" və Türkiyənin Orta Şərq Texniki Universiteti nəzdindəki ən innovativ ODTÜ Texnoparkı haqqında araşdırmalarını təqdim edib, Azərbaycanda texnoparkların təşəkkülü və inkişafı ilə bağlı faktlar, həmçinin texnoparkların Azərbaycan universitetlərində tətbiq imkanları,  Azərbaycan üçün Swot təhlilin nəticəsi və bir sira təkliflər barədə seminar iştirakçılarına məlumat verib.

Mövzu ətrafında müzakirələrdə “İqtisadi nəzəriyyə” kaferasının müdiri, professor Əlican Babayev, “Əmtəəşünaslıq” fakültəsinin dekanı, dosent Tofiq Osmanov, “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosentləri – İsa Musayev və Həmdulla Əsgərov çıxış edərək qaldırılan məsələlərə öz münasibətlərini bildiriblər.

Elmi-praktiki seminarın yekununda fakültə dekanı, prof. Vəkil Hüseynov elmi-praktiki seminarın fərqli formatda çox yüksək səviyyədə keçdiyini vurğulayıb və bu seminarı “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrası rəhbərliyinin növbəti uğuru kimi dəyərləndirib. 

TOP XƏBƏRLƏR