UNEC-də “Azərbaycanda daxili istehsalın rəqabətqabiliyyətliliyinin artırılması istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
UNEC-in Maliyyə və mühasibat fakültəsi ilə Distant, qiyabi və əlavə təhsil mərkəzinin (DQƏTM) Tələbə Elmi cəmiyyətlərinin (TEC) birgə təşkil etdiyi seminarda tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova Azərbaycanın müstəqillikdən sonra əldə etdiyi iqtisadi inkişafdan söz açıb. Bu gün ölkənin qeyri-neft sektoru, xüsusilə də turizm və aqrar sahələrdə sürətli inkişafa nail olunduğunu diqqətə çatdırıb.
Seminarda DQƏTM-nin tələbəsi Gülər Məmmədova ilə Maliyyə və mühasibat fakültəsinin tələbəsi Aygün Abbasova elmi məruzələri dinlənilib. Tələbələr ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların uğurlu nəticələrindən bəhs ediblər.
Fakültənin dekanı, dosent Gəray Musayev ölkə prezidentinin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına diqqət çəkərək, sənədin bu istiqamətdə müsbət dəyişikliyin əsasını şərtləndirdiyini bildirib.
DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev isə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. O, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində konkret istiqamətlər üzrə hədəflərin müəyyən olunduğunu qeyd edib.
Sonda Maliyyə və mühasibat fakültəsi ilə DQƏTM-nin TEC-nin “Azərbaycanda daxili istehsalın rəqabətqabiliyyətliliyinin artırılması istiqamətləri” mövzusunda birgə konfransının keçirilməsi barədə razılıq əldə edilib.