“Dizayn” kafedrasının elmi dərnəyi tərəfindən “Mədəniyyətmizi qoruyaq, yaşadaq və tanıdaq!” şuarı altında növbəti seminar keçirilib.
Mövzu ilə əlaqədar olaraq seminar Qobustan dövlət tarixi-bədii qoruğunda təşkil olunmuşdur.
Seminarda “Texnologiya və dizayn” fakülrəsinin TEC rəhbəri və “Dizayn” kafedrasının dərnək rəhbəri dosent Elfanə Qasımova, “Dizayn” kafedrasının müdiri Lalə Məmmədova, “Texnologiya və dizayn” fakülrəsinin icraçı direktoru Pərvin Namazova və dərnəyin aktiv tələbələri iştirak etdilər.
Seminarı “Dizayn” kafedrasının müdiri Lalə Məmmədova açaraq söylədi ki, Azərbaycanın qədim dövr incəsənətinin nümünəsi olan qayaüstü təsvirlər mədəniyyətmizin təşəkkülünü bildirir. Adətən, qayalıqlarda ovulan mağaralarda qayaların üzərindəki petroqliflər qədim əcdadlarımızın həyat, təbiət haqqındakı düşüncələrini bizə çatdırır. Azərbaycan ərazisi təsvirlərlə zəngin dünya ölkələrindən biridir. Qobustan qaya rəsmləri qədim mədəniyyətə sahib olduğumuzdan xəbər verir, təsvirlər dünyada bu qəbildən olan ən zəngin sənət nümunələrindəndir.
Seminar iştirakçıları «Böyükdaş», «Kiçikdaş», «Çingirdağ», «Şonqardağ», «Şıxqaya», «Daşqışlaq» qayaları üzərindəki təsvirlərlə tanış oldular. “Texnologiya və dizayn” fakülrəsinin TEC rəhbəri və “Dizayn” kafedrasının dərnək rəhbəri dosent Elfanə Qasımova bildirdi ki, ən qədim qadın və kişi təsvirləri əsasən bu dağların ərazisində, qədim insan düşərgələri və onların ətrafındadır. Sayca az, lakin əsas ov obyekti olan ceyran, balıq və sayca çox olan öküz təsvirlərinə rast gəlinir. Onlar da siluet insan təsvirləri kimi əsasən qədim düşərgələrin ətrafında çəkilmişlər. Qobustanda qayaüstü təsvirlərin mövzusu çox rəngarəngdir. Hər biri çəkilişi ilə xüsusi məqsəd güdür və dövrünün həyat tələbi, kollektivin ictimai, siyasi və dini baxışları ilə bağlıdır. Qobustan tariximizin, kimliyimizin güzgüsü, mədəni irsimizin başlanğıcı, tarixən ən qədim və ən mədəni xalq olmağımızı göstərən, fəxrimiz, iftixarımız, ulu babalarımızın minillər ərzində açıq səma altında yaratdığı muzeydir. Qədim qayaüstü təsvirlərin hər biri dizaynerin sənət incisi, dünyada mədəniyyətmizin kökündən söhbət açan abidədir.