UNEC-də Azərbaycan və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəli təhlilinə həsr olunan elmi seminarlara start verilib.
İlk seminarda UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) direktoru, əməkdar elm xadimi, professor Yadulla Həsənli hər iki ölkənin makroiqtisadi, enerji və nəqliyyat sektorlarının iqtisadi göstəricilərini müqayisəli təhlil edib. Azərbaycanın ÜDM (4 dəfə), beynəlxalq ehtiyatlar (20 dəfə), enerji təchizatı (4,6 dəfə), nəqliyyatda yükdaşıma (20 dəfədən çox) sektorları üzrə inkişaf göstəricilərinə görə Ermənistandan dəfələrlə üstün olduğu qeyd edilib. UNEC-də aparılmış təhlillərinin nəticəsinə əsasən, Azərbaycan iqtisadiyyatının güclü, Ermənistanın isə zəif olduğu bir daha sübut olunub.
UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu tərəfindən 5 gün davam edəcək seminarlarda hər iki ölkənin makroiqtisadi, enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sektorları, eləcə də Azərbaycan və Ermənistan iqtisadiyyatının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunacaq və müqayisənin nəticələri ictimaiyyətə təqdim ediləcək.