A

UNEC-in Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələrinin və UNEC Dizayn məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş “Azərbaycan mətbuatı müstəqillik illərində” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı, Təhsil Nazirinin əmri və UNEC rektorunun 139/1/2020 saylı 01 sentyabr 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində təşkil olunduğunu diqqətə çatdırdı. O, milli mətbuatımızın 1875-ci ildən başlayaraq tarixi inkişaf yolunu keçdiyini, müasir dövrdə mətbuatın cəmiyyətimizdəki rolunu vurğuladı. Dos. E.Səmədov ölkəmizə qarşı hibrid müharibə aparan mənfur Ermənistanın döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də ölkə Prezidentinin xarici kütləvi informasiya nümayəndələrinə verdiyi müsahibələr və milli mətbuatımızın hərbi vəziyyət rejiminə uyğun atdığı addımlar hesabına darmadağın olduğunu xüsusi vurğulayıb.

“Rəqəmsal iqtisadiyyat” fakültəsinin dekan vəzifəsini icra edən dosent Elman Cəfərov çıxışında tədbirin böyük əhəmiyyətini nəzərə çatdırdı, tələbə gənclərin vətənpərvərlik, milli ideya ruhunda və multikultural dəyərlərin aşılanması istiqamətində tərbiyə olunmasında milli mətbuatımızın müstəsna rol oynadığını bildirdi.

“Azərbaycan dili” kafedrasının müdiri professor Tofiq Əbdülhəsənli öz çıxışında qeyd etdi ki, milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulmuşdur. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğunu bildirən prof. T.Əbdülhəsənli qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da böyük xidmətlərinin də olmasından söz açdı.

“Səs” media qrupunun rəhbəri, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev məruzə ilə çıxış edərək, milli mətbuatın tarixi haqqında qısa məlumat verdi, müasir dövrdə medianın xüsusi əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin ölkəmizdə azad medianın formalaşmasında müstəsna rolunun olduğunu diqqətə çatdırdı. Ölkə Prezidentinin xarici media nümayəndələrinə verdiyi müsahibələrdə yerli media nümayəndələrinə də vacib siqnalların ötürüldüyünü, bunun nəticəsi olaraq informasiya məkanında tam qələbə əldə olunduğunu qeyd etdi.

“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Rəsul Balayev çıxışında informasiya müharibəsində Azərbaycanın gördüyü işləri təqdirəlayiq olduğunu, dünya ictimaiyyətinin Qarabağ uğrunda Vətən müharibəsi haqqında düzgün və ətraflı məlumatlandığını vurğuladı.

Sonda UNEC Dizayn məktəbinin direktoru Lalə Məmmədova, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayev, dosenti Tofiq Osmanov, professoru Zabit Aslanov və digərləri mövzu ətrafında fikirlərini bildirdilər.

TOP XƏBƏRLƏR