Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “SCOPUS indeksli jurnallarda elmi məqalənin tərtibat xüsusiyyətləri” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədbirin məqsədinin beynəlxalq indeksli jurnallarda nəşr olunan məqalələrin sayını artırmaq və “UNEC-100” inkişaf strategiyasında nəzərdə tutulan məqsəd və hədəflərə qısa zamanda çatmaq olduğunu bildirib.
“SCOPUS indeksli jurnallarda elmi məqalənin tərtibat xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edən UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Ülviyyə Rzayeva elmi məqalələrin yazılmasına, onların düzgün strukturunun qurulmasına və nüfuzlu elmi jurnallarda çapa hazırlanmasına dair məsələlərə toxunub. Təqdimatda universal aspektlər (İMRAD və C.A.R.S modelləri) barədə geniş məlumat verilib, eyni zamanda materialların nəşrə hazırlaması prosesində müəlliflərin qarşısına çıxan suallara da aydınlıq gətirilib.
Təqdimatın sonunda mövzu ətrafında müzakirələr aparılıb, məruzəçi tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.