UNEC-in Mühəndislik fakültəsində “Su ehtiyatlarının idarə edilməsi” mövzusunda onlayn maarifləndirici tədbir keçirilib.
Dekan vəzifəsini icra edən dosent Elçin Səmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın ölkəmizdə içməli su ehtiyatının bərpa olunması, mövcud su resurslarından səmərəli istifadə edilməsi və yarana biləcək problemlərin qarşısının alınmasına istiqamətləndiyini bildirərək, içməli su probleminin artıq dünyanın bir sıra ölkələrində hiss olunduğu haqqında məlumat verdi.
"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti Gəray Mirzəyev “Su ehtiyatlarının idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edərək suyun canlı orqanizm üçün əhəmiyyəti, beynəlxalq miqyasda su resurslarından səmərəsiz istifadə, su qıtlığını şərtləndirən amillər, dünyada və respublikamızda mövcud içməli su ehtiyatları, sudan səmərəli istifadənin yolları və s. haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırdı.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov Tədbirlər Planının icrası istiqamətində ölkədə görülən işlər, su itkilərinin azaldılması istiqamətidnə atılan addımlar, işğaldan azad olunmuş torpaqların su ehtiyatlarından söz açaraq, ölkədə su qıtlığının qarşısının alınması üçün görüləcək tədbirlər və qarşıda duran vəzifələrdən bəhs edib
Sonra nazirliyin sektor müdiri Fəridə Ələkbərova, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının professoru Zabit Aslanov və başqaları mövzu ətrafında fikirlərini bölüşüblər. Tədbir müzakirələrlə davam edib.