A

UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr olunan “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda Respublika elmi konfransı keçirilib.

Konfransda millət vəkili akademik Ziyad Səmədzadə, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru professor Cəbi Bəhramov, UNEC-in professor-müəllim heyəti, ölkənin tanınmış alimləri iştirak ediblər.

Konfransın açılısında çıxış edən UNEC-in prorektoru professor Sakit Yaqubov  xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən söz açıb, XX əsrdə Azərbaycan xalqının iki dəfə müstəqilliyə qovuşduğunu diqqətə çatdırıb. O, milli azadlıq hərəkatının 1991-ci ildə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələndiyini bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində ölkəmizin müstəqilliyinin yenidən bərpa olunduğunu, siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini deyib.

Tədbirdə çıxış edən millət vəkili, akademik Ziyad Səmədzadə müstəqilliyimizin əldə olunması prosesinin həm canlı şahidi, həm də iştirakçısı olaraq, onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən Ali Sovetin sessiyasında qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktının əhəmiyyətindən, eləcə də ölkənin iqtisadi müstəqillik konsepsiyasının mahiyyətindən danışıb. Millət vəkili həmin dövrdən ölkənin iqtisadi potensialının sürətlə artmağa başladığını, bu gün ölkəmizin regionun ən güclü dövlətinə çevrildiyini deyib.

AMEA-nın Tarix İnstitutunun icraçı direktoru professor Cəbi Bəhramov müstəqilliyin əldə olunması və bərpasının tarixi barədə çıxış edib. Müstəqilliyimizin bərpasından sonra ilk illərdə ölkədə siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsinin respublikanı iflic vəziyyətinə saldığını deyən C.Bəhramov ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədi, daimi və dönməz olduğunu bildirib.

Plenar sessiyada Dövlət Statistika Komitəsi sədrinin müavini dosent Yusif Yusifov “Qurtuluşdan zəfərə: sosial-iqtisadi inkişaf rəsmi statistikada”, İqtisadi nəzəriyyə kafedrasının müdiri professor Əlican Babayev “Azərbaycanın milli iqtisadi inkişaf modelinin xüsusiyyətləri”, Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri professor Ümidvar Əliyev “Azərbaycanın iqtisadi müstəqilliyinin 30 ili: nailiyyətlər və perspektivlər” mövzularında çıxış ediblər.

Sonra konfrans panel bölmələrdə müstəqillik illərinin institusional islahatları, regionların inkişafı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ərazi bütövlüyünün bərpası, iqtisadi inkişafın perspektivləri, müstəqillik illərində maliyyə uçotu, statistika və digər mövzularda çıxışlarla davam edib.

Konfransın sonunda müstəqilliyin bərpasının 30-cu ildönümü məqsədilə müəllim və tələbələrin arasında keçirilən elmi məqalə müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR