23-26 iyun tarixlərində UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı (ISCEMR-2022) keçiriləcək.
Konfrans elmi-akademik imkanlarını genişləndirərək tədqiqatçılar üçün SCOPUS, SPRINGER kimi nüfuzlu platformalarda nəşr imkanları təqdim edəcək. Ölkəmizin işğaldan azad olunmuş bölgələrinin iqtisadiyyatı və yaşıl iqtisadiyyat ilə bağlı kitablar konfrans çərçivəsində hazırlanacaq nəşrlər arasında yer alacaq. Kitabın dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan SPRINGER-də nəşri nəzərdə tutulub. Konfransa təqdim olunan seçilmiş məruzələrin Google Scholar, eləcə də 30-a yaxın akademik platformada yer alan beynəlxalq elmi jurnalda nəşri və ISBN nömrəli Konfrans Məruzələr Kitabı da elektron formatda nəşri planlaşdırılıb.
Konfrans günlərində iqtisad elminin dünyadakı nüfuzlu nümayəndələrinin iştirakı ilə plenar çıxışlar, aktual mövzularda yerli və xarici mütəxəssislərin iştirakı ilə "workshop"lar, tədqiqatçılar üçün akademik təlimlər və iş dünyasını da yaxından maraqlandıran görüşlər təşkil olunacaq.
Konfransın baş sponsoru "PASHA Holding" şirkətlər qrupudur. Baku Marriott Hotel Boulevard-da təşkil olunacaq konfransda iştirak üçün məruzələrin son göndərilmə tarixi 31 May 2022-ci ildir.
Konfransla bağlı daha ətraflı məlumatı rəsmi internet səhifəsindən almaq mümkündür; www.conferences.az