Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Huawei Technologies Azerbaijan” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, “Huawei” şirkətinin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Angela Lin, Orta Şərq və Mərkəzi Asiya regionu üzrə ictimai əlaqələr meneceri Kira Zhou və universitetin əməkdaşları iştirak ediblər.
Memorandumun imzalanma mərasimində çıxış edən rektor, professor Ədalət Muradov UNEC-in fəaliyyəti və həyata keçirilən yeniliklər barədə məlumat verib. O, universitetin süni intellekt, rəqəmsal transformasiya və kiber təhlükəsizlik sahələrindəki təşəbbüslərinə xüsusi diqqət çəkib və gələcək inkişaf istiqamətlərindən bəhs edib.
Orta Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Angela Lin çıxışında şirkətin qlobal fəaliyyətindən danışıb. O bildirib ki, “Huawei” informasiya və kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olaraq, Orta Şərq və Mərkəzi Asiya regionunda rəqəmsal transformasiyanın inkişafına önəmli töhfə verir və müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirir.
Tədbirin sonunda tərəflər əməkdaşlığın yeni istiqamətləri ilə bağlı təkliflərini səsləndirib və rəsmi olaraq əməkdaşlıq memorandumu imzalanıb.
Tərəflər arasında imzalanan memorandumun əsas məqsədi qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulmasıdır. Sənədə əsasən UNEC-də “Huawei İKT Akademiya”sının yaradılması, Huawei HCIA sertifikatlaşdırma proqramının tətbiqi, yüksək nəticə göstərən tələbələr üçün yay düşərgələrinin təşkili, İKT müsabiqələrinin keçirilməsi, həmçinin Huawei-nin rəqəmsal təhsil həllərinin UNEC-də tətbiqi və imkanlarının araşdırılması nəzərdə tutulur.