UNEC-də təhsil alan əcnəbi tələbələrin sosial və mədəni inteqrasiyasının gücləndirilməsi, onların universitet və şəhər mühitinə daha rahat uyğunlaşmasının dəstəklənməsi məqsədilə “Discover Baku – City Tour” adlı şəhərlə tanışlıq tədbiri təşkil olunub.
Sosial-mədəni tanışlıq tədbirinin əsas məqsədi əcnəbi tələbələrin Azərbaycan tarixi, milli-mədəni irsi və Bakı şəhəri haqqında biliklərini artırmaq, eyni zamanda müxtəlif ölkələrdən olan tələbələr arasında ünsiyyət və dostluq münasibətlərini gücləndirmək olub.
Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən tanışlıq tədbirində Türkmənistan, Gürcüstan, Somali, Özbəkistan, Çin, Malayziya, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynadan olan əcnəbi tələbələr iştirak ediblər.
Şəhər turu çərçivəsində iştirakçılar İçərişəhərlə yaxından tanış olub, Şirvanşahlar Sarayı Muzeyini, Miniatür Kitab Muzeyini, Azərbaycan Milli Xalça Muzeyini və Qız Qalasını ziyarət ediblər. Gəzinti zamanı tələbələrə Bakı şəhərinin zəngin tarixi-mədəni irsi, İçərişəhərin memarlıq xüsusiyyətləri, Azərbaycan xalçaçılıq sənəti və muzeylərin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tələbələr gəzintidən xoş təəssüratlarla ayrılıblar.