Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans keçirilib.
Konfransda Təhsil Nazirliyinin əməkdaşları, təhsil ekspertləri, ali məktəblərin və media qurumlarının nümayəndələri iştirak ediblər.
Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov “Media və təhsil dialoqu” mövzusunda təlim-konfransın artıq altıncı dəfə keçirildiyini diqqətə çatdırıb. Sektor müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.
Daha sonra Qlazqo Universitetinin məzunu, müstəqil ekspert Samirə Həsənzadənin “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları olub.
Tədbir çərçivəsində təqdimatlar ətrafında universitetlərdə müasir informasiya texnologiyalarının tətbiqi ətrafında keçirilən müzakirələrdə, UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Xəlilov, UNEC-də həyata keçirilən yeniliklərə toxunaraq, tamamilə elektronlaşdırılmış tədris, elektron universitet modelinin tətbiqi, tələbə və müəllimlər tədris resurslarını elektron kabinetlərindən əldə edə bilməsi kimi yeniliklərin Azərbaycan Dövlət İqtisad Universitetində artıq uzun müddətdir ki, tətbiq edildiyini bildirdi.