A

Bu il ən yüksək bal toplayaraq, UNEC-ə qəbul olan tələbə Əli Heydərovdur. Qəbul imtahanlarında 675 bal toplayan Əli Heydərov Rəqəmsal İqtisadiyyat fakültəsində “İnformasiya təhlükəsizliyi” (tədris ingilis dilində) ixtisasını seçib. Ən yüksək bal toplayan tələbəmizi yaxından tanıyaq.

-Əli, sizi təbrik edirik, yüksək bal toplayaraq, tələbə adını qazandınız. Universitet seçimində hansı meyarları əsas götürdünüz?

-Seçimim ilk növbədə universitetin reytinqinə görə oldu. UNEC-in beynəlxalq reytinqlərdə ölkə birincisi olduğunu və dünya universitetləri arasında mövqeyini ildən-ilə möhkəmləndirdiyini universitetin sosial şəbəkələrindən izləyirdim. Universitetin tədris prosesi, dərslərin həftədə 4 dəfə olması, qeyri-ixtisas fənlərinin onlayn tədrisi, eləcə də yeni və möhtəşəm kampus tələbəlik həyatı ilə bağlı xəyallarımı tam ifadə edirdi. Əlavə olaraq, “UNEC-i tanı” layihəsində də iştirak etmişəm və universiteti daha yaxından tanımaq imkanı yarandı. Beləliklə də seçimim UNEC oldu.

-Qəbul olduğunuz ixtisasla bağlı gələcək planlarınız nədir?

- İnformasiya təhlükəsizliyi ixtisası hazırda dünyada ən tələb olunan ixtisaslardandır. Bu istiqamətdə özümü inkişaf etdirmək istəyirəm. Universitet təhsili ilə yanaşı, ixtisasım üzrə beynəlxalq sertifikatlar əldə etməyi, praktiki biliklərimi artırmağı düşünürəm. Fakültəmizdə təhsil alan tələbələrin bir çoxu ixtisasları üzrə ölkənin aparıcı şirkətlərində çalışırlar, mən də tələbəlik dövründən öz sahəm üzrə karyeramı qurmağı planlayıram".

-UNEC-in tələbələr üçün yaratdığı hansı imkanları dəyərləndirməyi düşünürsünüz?

- UNEC-də bir-birindən maraqlı və faydalı layihələr, proqramlar həyata keçirilir. Hələ ki, II kursda Erasmus+ mübadilə proqramında iştirak etməyi düşünürəm.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Şahmat və futbola böyük marağım  olduğu üçün boş vaxtlarımda şahmatla məşğul olmağı və dostlarımla futbol oynamağı xoşlayıram. Kampusumuzda möhtəşəm idman zalımız var. Tələbə yoldaşlarımla müxtəlif idman yarışları keçirəcəyik.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay