UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindən İnformasiya-Analitik Bülletenin növbəti, 3-cü sayı hazırlanaraq elmi ictimaiyyətə təqdim olunub.
Bülleten elmi-pedaqoji heyət, magistr və doktorantlar, eləcə də yerli və xarici ekspertlər üçün nəzərdə tutulmuş etibarlı analitik platformadır. Burada ölkədə və dünyada baş verən, eləcə də yaxın gələcəkdə gözlənilən strateji dəyişikliklər elmi yanaşma əsasında təhlil olunub, mühüm iqtisadi və sosial proseslərə aydın və əsaslandırılmış baxış təqdim edilib.
Budəfəki buraxılış müasir dövrün əsas gündəmini formalaşdıran mövzulara fokuslanıb. Süni intellektin ali təhsildə və mediada tətbiqləri, məhsuldarlığı artıran yeni rəqəmsal alətlər, data elminin yeni inkişaf mərhələsi, aktual statistik məlumatlar, böyük media-dataların Yaxın Şərqdəki vəziyyətin müqayisəli icmalı əsas mövzular sırasındadır.
Bülletendə Azərbaycan elminin görkəmli iqtisadçı alim Teymur Vəliyevin 100 illiyinə həsr olunmuş geniş məqalə də yer alıb. Məqalədə alimin elmi irsi və Azərbaycan elminə verdiyi töhfələr təqdim olunur.
UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun İnformasiya-Analitik Bülleteni aktual elmi yanaşmalar əsasında formalaşdırılmış dərin təhlillərlə oxucular üçün dəyərli istinad mənbəyi kimi çıxış edir.