Bugünlərdə respublika ictimaiyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyini təntənə ilə qeyd edir. Ölkəmizin bu nüfuzlu ali məktəbinin əsası rəsmi şəkildə 1930-cu ildə qoyulmuşdur.Tarixə nəzər salsaq görərik ki, indiki İqtisad Universiteti müxtəlif dövrlərdə ayrı-ayrı adlar altında fəaliyyət göstərmişdir.
Respublikamızda sovet dövrünün ilk onilliyinin tamamında Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadənin əmri ilə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Ticarət Kooperativ İnstitutu təsis olub. Ali məktəbin ilk tələbələrinin sayı 240 nəfər, rektoru isə Mehdi İsmayılov olub. 1933-cü ildə ilk 7 məzuna diplom verilib. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Ticarət Kooperativ İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə və Plan-İqtisad institutları da daxil edilib.
Birləşmiş ali məktəb 1936-cı ilin sonunadək fəaliyyət göstərib.
1936-cı il dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Soveti Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Bu dəfə ali məktəbin tərkibinə Azərbaycan Sovet Ticarət İnstitutu da daxil edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb, müstəqil ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisadiyyat fakültəsi kimi fəaliyyət göstərib.
1944-cü ilin dekabrında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bərpa edilib və 1959-cu ilin martında bağlanaraq yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. ADU-da iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə ümumi iqtisadiyyat, 1962-ci ildən isə iqtisadiyyat və əmtəəşünaslıq fakültələrində aparılıb. Bu fakültələr 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb. Yeri gəlmişkən, xatırladaq ki, ümummilli lider Heydər Əliyev 1957-ci ildə o zaman indiki İqtisad Universitetinin əsas binasında fəaliyyət göstərən Azərbaycan Dövlət Universitetinin ( indiki BDU ) 305-ci auditoriyasında diplom müdafiəsini edib. Hazırda burada Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzi yerləşir.
1966-cı ilin fevral ayında İqtisad Universiteti Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-ci il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki ümumi iqtisadiyyat və əmtəəşünaslıq fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisad fakültəsinin bir neçə yeni ixtisası yeni təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tərkibinə verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.
1987-ci ilin oktyabr ayında institut müstəqil fəaliyyətini dayandıraraq N.A.Voznosenski adına Leninqrad Maliyyə–İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirilər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlayıb. “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında “ Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 349 saylı 13 iyun 2000 ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında indiki Azərbaycan Dövlət İqtisad Universiteti yenidən formalaşdırılıb.
Universitet iqtisadiyyat və biznes profili üzrə Azərbaycanın ən böyük, Şərqi Avropa və Mərkəzi Asiyanın isə 4-cü ali məktəbidir. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. Universitetdə 9 fakültə və 33 kafedra fəaliyyət göstərir, 403 professor və dosent çalışır. Bu ali məktəbdə 20 mindən çox tələbə, magistr və doktorant təhsil alır.
Azərbaycanda ilk dəfə olaraq universitetimizdə bütün tədris prosesi tamamilə elektronlaşdırılıb. Bütün auditoriyalarımız elektron tribuna və proyektorlarla təchiz edilib. Tələbə və müəllimlər tədris resurslarını elektron kabinetlərindən əldə edə bilirlər. Universitetdə mövcud olan Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində, Rus İqtisad Məktəbində rus dilində, Türk dünyası işlətmə fakültəsində isə türk dilində təhsil almaq mümkündür.
UNEC dünya reytinqlərindəki mövqeyini hər keçən dövrdə daha da yüksəltməkdədir. UniRank reytinq təşkilatı 2020-cu ilin fevral ayında dünya universitetlərinin reytinqini açıqlayıb. 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 mindən çox ali təhsil müəssisəsinin təhlili nəticəsində müəyyən edilən reytinq sıralamasında UNEC ötən illə müqayisədə 497 pillə irəliləyərək dünyada 225-ci yerə yüksəlib. Həmin reytinq agentliyinin regional reyting sıralaması olan "Asiyanın 200 ən yaxşı universiteti" sıralmasında UNEC 167 pillə irəliləyərək Asiyanın 27-ci ən yaxşı universiteti seçilib. Bu sıralamada UNEC Yaponiyanın (Osaka Universiteti, Waseda Universiteti), Çinin (Shenzen Universiteti) universitetləri ilə bir sıradadır.
Universitetdə islahatların aparılmasının nəticəsi olaraq, son dövrdə təhsil və elmi sahədə böyük uğurlar əldə edilib. Belə ki, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib. UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət olan Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb.
Ali məktəbdə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb. Universitetdə müasir tələblərə cavab verən rəqəmsal iqtisadiyyat və mühəndislik fakültələrinin yaradılması barədə qərar qəbul edilib.
Bildiyimiz kimi, bütün elmlərin bünövrəsi təhsillə bağlıdır. Məhz, bu baxımdan, bu gün bizim təhsil sistemimiz mükəmməl olub, gələcəkdə elmin inkişafına öz təsirini göstərməlidir. Çünki təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir va bu səbəbdən də dəyişə bilən ən böyük amil elm və təhsildir. Dünya ölkələrinin inkişaf dinamikasına nəzər salsaq görərik ki, onlar dünya arenasında tutduqları mövqeyə elm və təhsildəki uğurların sayəsində gəlmişlər.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
“Təhsil millətin gələcəyidir”-- deyən Heydər Əliyev Azərbaycanda təhsil sisteminin müasir tələblər səviyyəsinə qalxmasına həmişə diqqət yetirmiş, təhsilin cəmiyyətdə bütün sahələrin inkişafının intellektual bazisi olduğunu bildirmişdir: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra yeni məktəblərin inşası, müasir dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Müstəqilliyin ilk illərində təhsil sistemində əmələ gəlmiş özbaşınalığa, hərc-mərcliyə son qoyuldu. Təhsil sistemində aparılan köklü islahatlar tədrisi yeni mərhələyə qaldırdı, beynəlxalq səviyyəyə çatdırdı.
Bu gün ulu öndərin təhsil siyasəti Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı həmişə vurğulayır ki, dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir. Prezident İlham Əliyevin imzaladığı “2019--2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müstəsna rolu qeyd olunmalıdır.
Burada yapon atalar sözü yerinə düşür: “Elm yolunda xərclənən pul gələcək üçün qoyulan ən böyük sərmayədir”. Belə bir deyim də var: “İqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmin açarı isə təhsildədir”. Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetində son illərdə elmə ayrılan xərclər ildən-ilə artır. Belə ki, buna əyani sübut olaraq son dövrdə yüksək reytinqli jurnallarda məqalələrin çap edilməsini göstərə bilərik.
Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin, mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər, məhz ulu öndər Heydər Əliyev ideyalarından güc alır.
Fikrimi yunan filosofu Platonun maraqlı yanaşması ilə tamamlamaq istərdim: “Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür”. Həyatda həqiqətləri görmək üçün isə təhsilimizi davamlı, elmimizi işıqlı etməliyik.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor, Əməkdar elm xadimi