Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandum çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda keçirilmiş təlimlərdə iştirak etmiş Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün imtahan və müsahibə təşkil edilib.
İmtahan və müsahibədə tələbələrin təlimlərdə əldə etdikləri bilik və bacarıqları, o cümlədən maraq və motivasiyasının qiymətləndirilməsi aparılıb. Tələbələr obyektivlik şəraitində öz biliklərini nümayiş etdiriblər.
İmtahan yazılı formada UNEC-in Əsas tədris binasında, müsahibə isə Hesablama Palatasında keçirilib.
Müsahibə Hesablama Palatasının Aparat rəhbəri vəzifəsini icra edən Tamerlan Yusifzadə, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri Fərqanə Əliyeva və Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov tərəfindən aparılıb.
Sonuncu mərhələdə tələbələr üçün Gürcüstan Dövlət Audit İnstitutu tərəfindən maliyyə auditi, uyğunluq auditi, səmərəlilik auditi mövzularında təlimlər keçiriləcək və təlimin nəticələri müvafiq qaydada qiymətləndiriləcək.