Oktyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Gənclər Təşkilatının (TGT) VII hesabat-seçki konfransı keçirilib.
Konfransda universitetin professor-müəllim heyəti və tələbələrlə birlikdə millət vəkili, idarə və təşkilat rəhbərləri də iştirak ediblər.Konfransda TGT sədri Yusif Məmmədzadə bir illik fəaliyyəti barədə hesabat verib. UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova TGT-nin bir il ərzində gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, təşkilata üzv olan tələbələr, TGT könüllüləri universitetin bütün tədbirlərində aktiv olublar, eləcə də universitetlərarası yarış və müsabiqələrdə UNEC-i layiqincə təmsil ediblər. S.Qəndilova seçkilər barədə də məlumat verib. TGT sədrliyinə namizədlərin tələbələr tərəfindən müəyyən edildiyini qeyd edib.Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov ölkədə aparılan gənclər siyasətinin əhəmiyyətindən danışıb. UNEC gənclərinin hər zaman ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayıb. TGT-nin ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirib.Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanda gənclər siyasətinə xüsusi önəm verildiyini qeyd edib. Bildirib ki, ölkənin elə bir sahəsi yoxdur ki, orda gənclər təmsil olunmasın.Sonra “İlin ən yaxşı TGT-çisi” (Abdullayeva Cəmilə), “İlin ən yaxşı fakültəsi” (Biznes və menecment), “İlin ən yaxşı tələbə layihəsi” (UNEC TGT CUP 2015) nominasiyaları üzrə diplomlar təqdim edilib.Sonda səsvermə yolu ilə UNEC TGT-nin yeni sədrinin seçkisi keçirilib. TGT-nin İdarəetmə Şurasının səs çoxluğu ilə Rəsul Həşimov UNEC TGT-nin yeni sədri seçilib.