Fevralın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 24 illiyi münasibəti ilə “UNEC's Khojaly outreach” müsabiqəsi keçirilib.
UNEC-in Yaradıcılıq Mərkəzinin Tarix dərnəyinin təşkil etdiyi müsabiqədə tələbələr Xocalı soyqırımı haqqında hazırladıqları təqdimatla çıxış ediblər. Müsabiqədə 19 tələbə Azərbaycan, rus və ingilis dillərində təqdimatla çıxış ediblər.
Müsabiqənin məqsədi “Xocalıya Ədalət” kampaniyasına UNEC tələbələrinin dəstəyini nümayiş etdirmək, eyni zamanda, gənc nəslin Xocalı faciəsi haqqında məlumatlandırılmasını təmin etməkdir.
Münsiflər heyəti – UNEC-in İqtisadi məsələlər üzrə prorektoru, Qarabağ müharibəsi veteranı Mikayıl Zeynalov, Marketing və kommunikasiya departamentinin rəhbəri Rasim Şərifov, İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlı və Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, hərbi reportyor Səriyyə Müslümqızı təqdimatları Xocalı faciəsinə yeni baxış, materialın tarixi faktlarla zənginliyi, keyfiyyəti və təqdimetmə bacarığına görə qiymətləndirib.
I yerə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Con Aroqun ilə Alya Mardanova, II yerə Maliyyə və mühasibat fakültəsinin tələbəsi Fidan Zeynallı ilə Kommersiya fakültəsinin tələbəsi Elmin Əliyev, III yerə isə Kommersiya fakültəsinin tələbəsi Elşad Quliyev ilə İqtisadiyyat və sənaye fakültəsinin tələbəsi Cəlil Abbaslı layiq görülüb.
Bütün iştirakçılara sertifikat təqdim edilib.