Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Azərbaycan və Gürcüstan üzrə koordinatoru Senem Ross-Forrester qonaq olub.
Görüşün əsas məqsədi UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) yenidən akkreditasiya olunmuş Business and Technology (BT), Management Accounting (MA), Financial Accounting (FA), Corporate and Business Law (LW) və Audit and Assurance (AA) fənləri üzrə ACCA sertifikatlarının təqdim edilməsi, eləcə də "Accountants at the heart of SME resilience and growth" adlı seminarın tələbələr üçün təşkili olub.
Tədbirdə Senem Ross-Forrester tələbələrə ACCA-nın fəaliyyəti və akkreditasiya prosesindəki yeniliklər haqqında məlumat verib. O, təşkilatın əsas missiyasının qlobal səviyyədə maliyyə, audit və idarəetmə sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi olduğunu vurğulayıb.
Görüş zamanı həmçinin texnoloji transformasiyanın, süni intellektin və avtomatlaşdırmanın mühasibat uçotu və audit sahəsinə təsiri barədə fikir mübadiləsi aparılıb. Ross-Forrester qeyd edib ki, bu dəyişikliklər ACCA-nın tədris sistemində də öz əksini tapır və gələcəyin maliyyə mütəxəssisləri üçün yeni imkanlar yaradır.
Sonda iştirakçılar ACCA-nın tədris proqramlarına inteqrasiyası və beynəlxalq əməkdaşlıq perspektivləri ilə bağlı suallarını səsləndiriblər.
 
															

 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
  