Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Bu zamana qədər dövlət dilinə yalnız humanitar amil kimi yanaşılıb. Bəs iqtisadi amil kimi düşünsək, dilə yanaşma necə olmalıdır?
Bu barədə AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib ki, hazırda dilin iqtisadi əlaqəsi ilə bağlı böyük tədqiqatlar aparılır:
“İlk dəfə bu tədqiqatı Amerikada yerləşən böyük elmi tədqiqat institutu həyata keçirib. Burada dilin istifadəsinin iqtisadiyyata gəlir gətirib-gətirməməsi, məşğulluğu və insanların yaxşı yaşamasını təmin etməsi baxımından araşdırmalar aparılır. Müstəqil dövlətlərin özünün iqtisadiyyatla bağlı dil siyasəti var. Bir tərəfdən xarici dil öyrənmək gəlir gətirir, digər bir tərəfdən isə ölkənin özünəməxsus dil siyasəti iqtisadiyyata müəyyən təsirlər göstərir.
Məsələn, latviyalılar sovet dövründə latış dilində danışmırdılar. Latviya SSR dağılandan sonra öz müstəqilliyini qazandı və 2014-cü ilədək burada müəyyən tədqiqatlar aparıldı. Nəticə olaraq müəyyən olundu ki, latviyalılar rus dilində danışmağı öyrənib. Çünki Rusiyanın kapitalı hesabına böyük iş yerləri mövcuddur. Bu dili bilmək onlara əlavə gəlir gətirir. Ümumiyyətlə, rus dili xalqlar arası ünsiyyət vasitəsidir, ingilis dili də beynəlxalq arenaya çıxmaq üçün öyrədilir. Təcrübə göstərir ki, dil iqtisadiyyat naminə, şəxsi maraqları ödəmək üçün bir vasitədir. Yəni yalnız gəlir əldə etmək üçündür. Bu da onu deməyə əsas verir ki, dil artıq iqtisadiyyata bağlıdır. Rusiyanın tərkibində yerləşən Tatarıstanda deyirlər ki, tatar dilini bilmək pul gətirir. Televiziyalarda, toylarda, ümumiyyətlə, ictimai yerlərdə tatar dilini bilənə 15 faiz əlavə maaş verilir. tatar dilini bilmək onlara gəlir gətirir”.
Professor vurğulayıb ki, dili yalnız humanitar çərçivədə dəyərləndirmək olmaz:
“Azərbaycan dilini səlis bilən savadlı, qabiliyyətli və bilikli vətəndaşlarımız düşünməyə başlayıb ki, öz dövlət dili, ana dili olan Azərbaycan dilini bilmək onlara pul gətirirmi? Yoxsa qabiliyyəti, biliyi olmayan amma, ingilis dilində danışa bilən daha çox pul alır ? Niyə biz elanlara yazırıq ki, yalnız ingilis dilini biləni işə götürürük? Axı Azərbaycanda dil siyasəti var. Azərbaycan dili dövlət dilidir və dilin qorunması haqqında qanun var”.
Müsahibimizin sözlərinə görə müxtəlif dillər öyrənmək üçün əvvəlcə “ölkədə həmin dilə ehtiyac varmı?” deyə araşdırılmalıdır:
“Amerikada həkimlər ispan dilini öyrənir. Niyə? Çünki onların yanına gələn pasientlər ispandillidir. Ona görə düşünmək lazımdır ki, sözügedən dilləri bilmək ölkə üçün nə dərəcədə əhəmiyyətlidir? Ölkədə bu dil üçün diskriminasiya varmı? Baxın bu sahədə araşdırmalar aparılır.
Son zamanlar məktəbi bitirən şagirdlərimiz ancaq xarici ölkələrdə yerləşən ali təhsil ocaqlarını seçirlər. Bu mövzu çox geniş təbliğ edilir. Biz Azərbaycanda təhsil almaq istəyən savadlı gənclərimizi təbliğ etməliyik. Bu ciddi şəkildə ölkənin milli təhlükəsizliyinə və dilimizin qorunmasına ziyan vurur. Biz ana dilimizi, ədəbiyyatımızı və öz dilimizi bilən insanların inkişafına dəstək verməliyik. Bu, bizim üçün prioritet olmalıdır”.
Həmsöhbətimiz onu da əlavə edib ki, ölkəmizdə Azərbaycan dilini tədris edən müəllimlərin maaşı digər müəllimlərdən yüksək olmalıdır:
“Biz dilin yalnız humanitar dəyərindən danışırıq. Heç kim dövlət dilinin iqtisadi dəyərinə nəzər salmır. Heç bilirsiniz ki, bu necə sifarişli işdir? Amerikada, Böyük Britaniyada, Tatarıstanda, Rusiyada bununla bağlı böyük pullar verilir ki, tədqiqat aparılsın. Biz öz dilimizin qorunması üçün müxtəlif yollar düşünməliyik. Bunun üçün mütləq şəkildə Azərbaycan dilini tədris edən müəllimlərin maaşı yüksək olmalıdır. Xarici dil müəllimi ilə öz ana dilini tədris edən təhsilverənləri üstünlük dərəcəsinə görə bir-birindən ayırmalıyıq. Ölkəmizdə hər kəs ana dilini mükəmməl səviyyədə bilməyə məcbur olmalıdır. Müasir dövrdə vətandaşlarımız Azərbaycan dilini bilməsələr də yaxşı gəlir qazanıb, yüksək maaş ala bilirlər. Biz bu imkanı onlara niyə veririk? Bəs bizim ana dilimizə verdiyimiz dəyər? Tatarıstanda o cümlədən Saxarində öz dilini mükəmməl səviyyədə bilənlər 15 faiz artıq maaş alır. Baxın bu dilin qorunmasıdır!”.
Z.Məmmədov diqqətə çatdırıb ki, Qarabağda yaşayan ermənilərin Azrəbaycan dilini bilməsi onların gəlir qazanması üçün müxtəlif imkanlar yaradacaq:
“Nəzərə alsaq ki, bu gün Qarabağda yenidənqurma işləri gedir və orada yaşayan ermənilər bilirlər ki, burada müvafiq iş yerləri var və iqtisadiyyatın fəaliyyəti yüksəkdir əlbəttə ki, Azərbaycan dilini öyrənmək və mənimsəmək üçün əllərdindən gələni edəcəklər. Çünki Qarabağda açılacaq yeni iş yerlərində Azərbaycan dilini bilən insanlar üçün geniş imkanlar tanınacaq. Ona görə ermənilər Azərbaycan dilini öyrənərək bu şansdan yararlana bilərlər”.