A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru, “Əməkdar müəllim” Məzahir Fərzəliyevin sentyabrın 11-də 80 illik yubileyi qeyd olunacaq. Ömrünün böyük hissəsini elmə, təhsilə və mühəndislik sahəsində gənc mütəxəssislərin hazırlanmasına həsr edən professorun keçdiyi zəngin həyat yolu haqqında UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı müsahibəni oxucularımıza təqdim edirik.

– Məzahir müəllim, ömrünüzün böyük hissəsini elmə, təhsilə, müəllimlik peşəsinə həsr etmisiniz. Müəllimlik sizin üçün nə ifadə edir?

- Mənim üçün müəllimlik sadəcə bir peşə deyil, bir ömür boyu yaşanan həyat tərzidir, bir missiyadır. Ulu Öndər Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram” sözləri bu peşənin nə qədər uca və məsuliyyətli olduğunu çox gözəl ifadə edir. Müəllim olmaq gələcəyi düşünmək, savadlı, bacarıqlı, vətənini sevən, sağlam düşüncəli insanlar yetişdirmək, şəxsiyyət formalaşdırmaqdır. Tələbənin gözündə bir müəllim yalnız bilikötürücü mənbə deyil, həm də örnək bir insandır.

Mənim indiyədək böyük hörmət və minnətdarlıqla xatırladığım çox dəyərli müəllimlərim olub. Professor İbrahim Bəxtiyarov, professor Ayaz Kəngərli, dosent Hənifə Süleymanov, uzun illər Mexanika fakültəsinin dekanı olmuş İstafil Qarayev və digər müəllimlərim mənim üçün məktəb olublar. Deyə bilərəm ki, mən müəllimliyi məhz onlardan öyrənmişəm.

– Bu illər ərzində sizi ən çox qürurlandıran tələbələriniz kimlər olub?

- Mən elm və təhsil sahəsində keçdiyim uzun yolda çoxlu sayda tələbə yetişdirmişəm. Onların bir çoxu bu gün elmlər doktoru, fəlsəfə doktoru, müxtəlif sahələrdə müəllim kimi fəaliyyət göstərirlər. Bəziləri bu gün universitetlərdə kafedra müdiri, rəhbər vəzifələrdə çalışırlar. Tələbələrimin uğurları mənim üçün ən böyük qürur mənbəyidir. Hər dəfə onların nailiyyətlərini gördükdə özümü sanki onların həyat yolunun bir parçası kimi hiss edirəm. Eyni zamanda müəllim olaraq da özümü dəyərli hiss edirəm. Bu hiss müəllim üçün bəlkə də ən böyük mükafatdır.

Bir çox tələbələrimi misal çəkə bilərəm, amma xüsusilə texnika üzrə fəlsəfə doktoru Elman Cəfərovun çoxəsnəkli toxucu maşınların layihələndirilməsi ilə bağlı dissertasiya işi onların arasında xüsusi yer tutur. Onun dissertasiyası təkcə elmi yenilik baxımından deyil, həm də real, praktik tətbiqi ilə diqqət çəkən uğurlu işlərdən biri idi.

 “Əməkdar müəllim” fəxri adna layiq görüldüyünüzdə hansı hissləri keçirdiniz?

– 2020-ci ildə UNEC-in 90 illiyi münasibətilə və ölkəmizdə təhsilin inkişafına verdiyim töhfələrə görə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmək, əməyimin dövlət səviyyəsində dəyərləndirilməsi mənim üçün böyük şərəf və qürur mənbəyi oldu. Bu mükafat uzun illər çəkdiyim əməyimə və zəhmətimə verilən dəyər idi.

Bu fəxri ada layiq görüldüyüm üçün ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda fəaliyyətimi hər zaman dəstəkləyən və yüksək qiymətləndirən rektorumuz professor Ədalət Muradova, həmçinin mənimlə illərlə çiyin-çiyinə çalışan UNEC kollektivinə minnətdaram.

Bu ad yalnız bir mükafat deyil, həm də üzərimə düşən yeni bir məsuliyyətdir.

– Elmi nailiyyətlərinizdən hansını zirvə hesab edirsiniz?

- Həyatım boyu elmə böyük sevgi və məsuliyyətlə yanaşmışam. Elmi fəaliyyətimdə xüsusi yer tutan, mənim üçün əsl zirvə hesab etdiyim iş Sankt-Peterburq Toxuculuq və Yüngül Sənaye Texnologiyaları İnstitutunda müdafiə etdiyim doktorluq dissertasiyamdır. Tədqiqatımda fasiləsiz üsulla parça əmələ gəlməsi prosesinin nəzəri əsaslarını işləyib hazırladım. Həmçinin rotor tipli parça əmələgətirici mexanizmin layihələndirilməsi, hesablanması və konstruktor edilməsi istiqamətində konkret elmi və texnoloji həllər irəli sürdüm. Ən önəmlisi isə bu ideyaların yalnız kağız üzərində qalmayıb, istehsalata uğurla tətbiq olunması idi. Bu iş sənayenin ehtiyaclarına cavab verən və texnoloji cəhətdən önəmli yenilik idi.

– Tələbəlik illəriniz 60-cı illərə təsadüf edir. O dövrdə tələbə həyatı necə idi, unudulmaz xatirələriniz varmı?

– Tələbəlik illəri, məncə, hər bir insanın yaddaşında iz buraxan, ömürlük xatirələrlə dolu dövrdür. Mənim üçün də həmin illər sadəlik, səmimiyyət və əsl dostluq münasibətləri ilə yadda qalıb. O zamanlar həyat sadə idi və həmin sadəlikdə səmimiyyət, istilik və doğmalıq vardı.

Mən Azərbaycan Politexnik İnstitutunda, indiki Azərbaycan Texniki Universitetdə əyani təhsil almışam. Həmin dövrdə əyani təhsil alan tələbələr ixtisaslarına uyğun müəssisələrdə çalışırdılar. Dərs cədvəlləri də onların iş qrafikinə uyğun tərtib olunurdu. Bu sistem bizə həm nəzəri biliklərimizi möhkəmləndirməyə, həm də praktik təcrübə toplamağa imkan verirdi. Bu baxımdan o dövrün təhsil yanaşması çox dəyərli idi. Mühazirələri, məşğələ dərslərini, müəllimlərimizi diqqətlə dinləyirdik. Dərsə münasibət çox ciddi idi. Qeydlərimizi də səliqə ilə aparır, hər dərsdən maksimum fayda götürməyə çalışırdıq.

İstehsalat və diplom öncəsi təcrübəmi Moskva şəhərində toxucu maşın istehsalı zavodunda və kombinatda keçmişəm. Həmin günləri bu gün də böyük həvəslə xatırlayıram. Mənim üçün həm peşəkar bilik, həm də şəxsi inkişaf baxımından olduqca dəyərli bir təcrübə idi. Diplom işimi də məhz həmin zavodda yazdım. Çox məsuliyyətlə yanaşmışdım. İşimi yüksək səviyyədə hazırladım və əla qiymətlərlə müdafiə etdim. Bu, mənim tələbəlik həyatımın ən qürurlu anlarından biri oldu.

–Mühəndislik ixtisasını seçməyinizin səbəbi nə idi?

- 60-cı illərdə ölkəmizdə sürətlə sənayeləşmə prosesi gedirdi, böyük quruculuq işləri aparılırdı. Bu quruculuq təbii olaraq yeni maşınlara, qurğulara, mexanizmlərə, mühəndislik avadanlıqlarına ehtiyac yaradırdı və mühəndislik sahəsi cəmiyyətdə əsas tələbatlarından birinə çevrilmişdi. Çünki həmin proseslər mühəndislərin üzərinə böyük məsuliyyət qoyurdu.

Mühəndislik yaradıcı və innovativ düşüncə tələb edən bir sahədir. Mən də bu yaradıcı prosesin bir parçası olmaq, ölkəmin inkişafına töhfə vermək istədim və mühəndisliyi seçdim. Bu sahə mənim həyat yolumu müəyyənləşdirdi.

– Uzun illər bir neçə ali təhsil müəssisəsində çalışmısınız. Hansı universitet sizin üçün daha doğmadır və UNEC ilə yollarınız necə birləşdi?

- Mən Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil almışam və gənc mütəxəssis kimi həmin institutun “Maşınqayırma texnologiyası” kafedrasında çalışmağa başlamışam. Həmin müddətdə kafedra əməkdaşları ilə birlikdə toxuculuq və yeyinti maşınları laboratoriyasını yaratmışdıq.

1979-cu ildə aparıcı mütəxəssis kimi Politexnik İnsitutunun Gəncə filialında işə başladım. Sonradan həmin institut Azərbaycan Texnologiya İnstitutuna çevrildi və mən “Maşın mexanizmləri nəzəriyyəsi və maşın statistikası” kafedrasının müdiri oldum. Bu müddət ərzində orada maşın mexanizmləri nəzəriyyəsi, maşın hissələri, maşınqayırma texnologiyası və digər laboratoriyalar yaratmışam. 1984-cü ildən Texnologiya İnstitutunun axşam və qiyabı şöbələrinin prorektoru olmuşam. Həmin vəzifələrdə işlədiyim dövrdə AzTİ-də tədris prosesinin təkmilləşdirilməsi, tədris planları, müəllimlərin və kadrların formalaşdırılması istiqamətində mühüm işlər görmüşəm.

1991-ci ildə Texnologiya İnstitutunun Bakıdakı filialı olan Əmtəəşünaslıq fakültəsinə köçürüldüm. Həmin fakültəyə uzun müddət rəhmətlik Əli Həsənov rəhbərlik edib. Bakı Dövlət Əmtəəşünaslııq Kommersiya adlanan institutda  “Texniki elmlər” kafedrasının əvvəl  dosenti, sonradan isə kafedra müdiri vəzifəsinə təyin olundum. Orada işlədiyim müddətdə də informasiya texnologiyaları, tətbiqi mexanika laboratoriyaları, eləcə də bir neçə ixtisaslaşmış auditoriyalar qurmuşam.

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutu ilə birləşdirilərək, hazırda çalışdığım Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yaradıldı. Yeni yaradılan ADİU-da “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının müdiri kimi fəaliyyətə başladım. Burada işlədiyim müddətdə maşın və mexanizmlər nəzəriyyəsi, maşın hissələri, əməyin mühafizəsi kimi laboratoriyalar və bir neçə ixtisaslaşmaış auditoriyalar yaratmışıq. Rəhbəri olduğum “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında bakalavrlar, magistrlər, fəlsəfə və elmləri doktorları hazırlanıb. Bunların hamısı böyük zəhmət tələb edirdi. Sonradan “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrası və digər kafedralar birləşdirilərək onların bazasında “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradıldı və mən hazırda həmin kafedranın professoruyam.

Hansı universitetdə çalışmağımdan asılı olmayaraq, daima qurub-yaratmaqla məşğul olmuşam. Hara getmişəmsə, yaratmışam. İşlədiyim universitetlərin hər biri mənim üçün doğmadır, dəyərlidir, çünki hər birində zəhmətim, xatirələrim və uğurlarım var.

– UNEC-də mühəndislik və tətbiqi elmlərin inkişafı üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

- Son illərdə UNEC-də mühəndislik və tətbiqi elmlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Əvvəllər çalışdığımız bu tədris binası olduqca yararsız vəziyyətdə idi. Amma 2020-ci ildə rektorumuz, professor Ədalət Muradovun təşəbbüsü ilə binamız tamamilə yenidən tikildi və müasir laboratoriyalarla təchiz olundu. Yeni laboratoriyalar sayəsində tədris daha praktik və aktual tələblərə uyğun şəkildə aparılır. Mühəndislik və tətbiqi elmlər sahəsində yüksək səviyyəli elmi-tədqiqat işlərinin görülməsi üçün lazımi avadanlıqlarla təmin olunmuş bu laboratoriyalar olduqca önəmlidir. Bunlar inkişafın əsas şərtlərindəndir.

Eyni zamanda düşünürəm ki, tədqiqat işlərinin səmərəliliyini artırmaq üçün konkret istiqamətlər müəyyənləşdirilməli və sistemləşdirilməlidir. Universitetlə sənaye arasında daha sıx əlaqələr qurulmalı, laboratoriyalarla iş dünyası arasında əməkdaşlıq genişləndirilməlidir. Tədqiqatların kommersiyalaşması, yəni elmi nəticələrin real bazara çıxarılması və gəlir gətirməsi çox önəmlidir.

Tədrisin keyfiyyətini yüksəltmək üçün layihə əsaslı tədris (PBL) metodunun tətbiqini vacib hesab edirəm. Mühəndislik yaradıcı və innovativ peşədir. Tələbələrin real mühəndislik problemləri üzərində işləməsi onların həm bilik, həm də praktiki bacarıqlarını artırır. Məsələn, biz tələbələrə mexanizm veririk: “Bir avtomobilin daxiliyanma mühərrikini yaradın.” Bu prosesdə həm mexanika, həm riyaziyyat dərsləri tətbiq olunur. Tələbəyə istiqamət verilir, o isə öz yaradıcılığını göstərir.

Hazırda UNEC Dizayn Məktəbində Layihə Əsaslı Tədris metodunun tətbiq olunması çox yaxşı nümunədir və hesab edirəm ki, bu yanaşma Mühəndislik fakültəsində də tətbiq olunmalıdır. Bu, tələbələrdə qurub-yaratmaq bacarığını, problemləri həll etmə qabiliyyətini daha da inkişaf etdirəcək.

– Məzahir müəllim, bu yaxınlarda 80 illik yubileyiniz qeyd olunacaq. 80 illik ömrünüzə nəzər saldıqda, ən böyük qazancınızı nədə görürsünüz?

- Həyatımın 80 ilini geridə qoyanda ən böyük qazancım kimi, ilk növbədə, ailəmi, övladlarımı və nəvələrimi görürəm. Onlar mənim həyatımın ən dəyərli hissəsidir.

Eyni zamanda elmə və təhsilə verdiyim töhfələri, yetişdirdiyim tələbələri, illərlə birlikdə çalışdığım həmkarlarımı, elm sahəsində qoyduğum izləri də mənim üçün böyük qazanc hesab edirəm. Düşünürəm ki, ömür boyu mənalı, faydalı bir yol getmişəm. Hər addımımla bir iz qoymuşam. Həyatın mənası da elə budur, öz yolunu tapmaq, o yolda başqalarına da işıq olmaq.

Sonda

Məzahir Fərzəliyev bir ömrü elmə, təhsilə və gənclərə həsr etmiş dəyərli ziyalı, fədakar pedaqoqdur. Onun həyat yolu və fəaliyyəti gələcək nəslə örnəkdir. Hər addımında qurub-yaradan, iz qoyan professor Məzahir Fərzəliyevi 80 illik yubileyi münasibətilə UNEC ailəsi adından təbrik edirik. Dəyərli professorumuza möhkəm cansağlığı uzun ömür və hər zaman qurub-yaratmaq enerjisi arzulayırıq!

TOP XƏBƏRLƏR