A

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti Sevinc Abbasova Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Sevinc Abbasova 1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) Sənayedə mühasibat uçotu ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1982-1994-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində Normativ tədqiqat bürosunda böyük iqtisadçı, 1993-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki UNEC) sosioloji elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib.

S.Abbasova 2000-ci ildə “Bazar iqtisadiyyatına keçid şəraitində istehsala məsrəflərin uçotunun və onların ehtiyatlarının aşağı salınması təhlilinin təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1995-2004-cü illərdə “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi, 2004-2017 illərdə “İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb.

2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib. Müxtəlif illərdə UNEC-in tədris-metodiki şurasının, FD 02.052 dissertasiya şurasının elmi katibi vəzifələrində çalışıb.

2017-ci ilin sentyabr ayından UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri vəzifəsində çalışır.

S.Abbasova 70-dən artıq elmi əsərin, o cümlədən, 2 dərsliyin, 2 dərs vəsaitinin, 1 monoqrafiyanın müəllifidir. 10-dan çox məqaləsi xarici ölkələrdə nəşr olunub.

İşlədiyi müddət ərzində elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştirakına görə təşəkkürnamələr alıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqçıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

UNEC kollektivi adından Sevinc xanımı təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR