Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.
Heydər ƏLİYEV
Ümummilli lider
XX əsr bəşəriyyətə bir çox görkəmli dövlət xadimləri, müdrik siyasətçilər bəxş etmişdir. Azərbaycan xalqı fəxr edir ki, zəmanəmizdə onun da Heydər Əliyev kimi dünya şöhrətli siyasət və dövlət xadimləri sırasında layiqli yer tutmuş dahi rəhbəri olmuşdur.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Heydər Əliyev öz ölkəsinin ali rəhbəri kimi var qüvvəsini və bacarığını həmişə Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı və icraçısı olmuşdur.
Yaxın kecmişə nəzər salsaq görərik ki, 1988–1993-cü illərdə Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər, ölkədəki anarxiya, xaos, vətəndaş müharibəsi təhlükəsi xalqı cana doydurmuş, sabaha inamı sarsıtmışdı. Belə bir təhlükənin və davam edən faciələrin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalqımız hər il həmin tarixi Milli Qurtuluş Günü kimi bayram edir.
Ümummilli lider xalqın tələbi ilə hakimiyyətə qayıdanda deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. O zaman Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində dağıdıcı proseslər dayandırıldı. Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi. Dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı. Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün oldu.
Xalqımızın dahi oğlu Heydər Əliyev tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə, dünya xalqlarının iqtisadi, mədəni yüksəlişinə, onların arasında mehriban münasibətlərin dərinləşməsinə sərf edirdi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək yolu dünyanın Şərqi ilə Qərbini yenidən birləşdirdi və bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi.
Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal, bəşəri problemlərə öz orijinal baxışını ardıcıl və ucadan səsləndirirdi. Sözün həqiqi mənasında, bu böyük insanın amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi. Ulu öndər Heydər Əliyev indi bütün dünyada Azərbaycanın rəmzinə çevrilib. Məhz ona görə də böyük öndərimizin adı xalqımız tərəfindən həmişə dərin hörmət və ehtiramla anılır.
Tarixi təcrübə sübüt edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar milli sərvətlərinə sahib olmaq və ölkələrinin inkişafına yönəltmək imkanı qazanırlar. Dünyanın bir çox ölkəsi zəngin neft ehtiyatına malikdir. Lakin bu ölkələrin heç də hamısı həmin sərvətdən xalqın rifahı üçün lazımi səviyyədə istifadə edə bilmir. Ümummilli liderimiz Heydər Əliyev isə neft-qaz ehtiyatından əldə edilən gəliri xalqın rifahına yönəldə bildi.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başlandı və ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə irimiqyaslı saziş imzaladı və Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.
“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi. Bu beynəlxalq əməkdaşlıq xarici investorların ölkəmizə axınını sürətləndirdi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi–Ceyhan neft kəmərinin istismara verilməsi isə ölkəmizdə istehsal edilmiş neftin dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində demişdi: “Bakı–Tbilisi–Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əminamanlığın, təhlükəsizliyin təminatçısı ola bilər”.
Alfred Nobelin XX əsrin əvvəllərində “Burada neft, qaz və siyasət çox sıx şəkildə bir-birinə qarışıb–deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin dərin zəkasının və böyük zəhmətinin bəhrəsi olan inkişaf strategiyası nəticəsində sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkə halına gətirildi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Respublikamızda istehsal edilən neft-qaz müstəqillik şəraitində xalqımızın güzəranının yaxşılaşmasında, onun ictimai-siyasi həyatında böyük rol oynaydı. Ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində ölkəmizdə dinamik inkişafın təmin edilməsi, əhalinin rifahının yaxşılaşması, dünya təsərrufat sisteminə inteqrasiya əlaqələrinin güclənməsi mümkün oldu.
Son 16 ildə bu siyasi kursun ardıcıl olaraq həyata keçirilməsi isə möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır. “Şahdəniz” yatağı ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə çevirmişdir. Azərbaycan Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişlənləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, TRASEKA kimi nəhəng layihələrinin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, eləcə də dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycanda 1993-cü ildən başlayaraq, əsası Heydər Əliyev tərəfindən qoyulan və həyata keçirilən enerji siyasəti çox maraqlı mərhələlər keçib. Bu yaxınlarda isə son mərhələnin qlobal layihəsi olan Cənub Qaz Dəhlizin orta hissəsi olan TANAP layihəsinin açılış mərasimi keçirildi. Azərbaycan böyük geosiyasi əhəmiyyətli bu dəhliz layihəsini 7 ölkə ilə birgə reallaşdırır. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini nəzərdə tutur.
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə xidmət edən bir proqramın önəmli seqmentidir. TANAP və TAP layihəsi çərçivəsində Avropa üçün nəzərdə tutulan qaz Türkiyə–Bolqarıstan və ya Türkiyə–Yunanıstan sərhəddində təhvil veriləcək 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Onun icrasına 45 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun iqtisadi önəmi ilə yanaşı, siyasi və geosiyasi əhəmiyyətini də göstərir. Burada, şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.
Cənub Qaz Dəhlizi, bütövlükdə, qlobal əməkdaşlığın enerji təhlükəsizliyinə verdiyi çox böyük töhfədir. Bu beynəlxalq kəmərin Yeni İpək yolu layihəsi ilə qarşılıqlı əlaqədə müsbət nəticələr verə biləcəyi şəksizdir. Prezidenti İlham Əliyev bu irimiqyaslı əməkdaşlığı belə qiymətləndirmişdir: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı–Tbilisi–Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur”.
Azərbaycan iqtisadiyyatı müasir dövrdə şaxələndirmə, başqa sözlə, diversifikasiyalaşdırılma dövrünü yaşayır. Prezident İlham Əliyevin təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə göstərilir ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm iqtisadi inkişaf istiqaməti–milli istehsalçıların məhsullarına olan tələbatın daxili bazarda ciddi artırılmasının təmin olunması və xarici bazarların əldə edilməsi mühüm prioritet kimi qəbul olunmalıdır.
Bu baxımdan ölkənin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində əsas element kimi sənayenin, kənd təsərrüfatının, turizmin, İKT və s. sahələrin kompleks və sürətli inkişafı, ölkə iqtisadiyatının müxtəlif sektorlarının potensialından səmərəli istifadə olunması, yüksək standartlara cavab verən milli məhsulların və malların istehsal şəbəkəsinin genişləndirilməsi, ixrac yönümlü malların çeşidinin artırılması və qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsi həcminin yüksəldilməsi, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunması vacib şərtlər kimi çıxış edir.
Hazırda iri enerji layihələrinin əksəriyyəti başa çatdırılıb və yaxud icra edilməkdədir. Artıq qeyri-neft sektorunda irihəcmli layihələr başlanılıb, ölkənin iqtisadi inkişafının neftdən asılılığının azaldılması prosesləri müşahidə olunur. Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir.
Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Azərbaycanla sıx tərəfdaşlıq edən Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir.
İndi Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif ölkələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu kapital çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub.
Prezident İlham Əliyev Azərbaycana rəhərliyinin 15 ilinin tamamında bildirmişdir: “Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, iqtisadi rifah yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün zəmin yaradılmışdır”.
Müasir mərhələdə iqtisadi sahədə qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafın təmin edilməsi üçün yeni iqtisadi islahatların həyata keçirilməsidir. Bu məqsədlə qeyri-neft sektorunda müşahidə edilən proseslərə çevik adaptasiya, habelə postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün sənayenin qarşısında duran yeni çağırışlar və imkanların tətbiq ediləməsi üçün Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Strateji Yol Xəritəsi təsdiq edilmişdir.
Bu yol xəritələri Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Təsdiq edilmiş xəritədə, bütövlükdə, milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlər öz əksini tapmışdır. Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq.
Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına səbəb olmuşdur.
İqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş regional inkişafa dair dövlət proqramları uğurla icra olunmuş və bu proqrama əsasən, digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına da şərait yaratmışdır.
Hazırda respublikada kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. İxracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi öz töhfəsini verir. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yerinin açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
Bütün bunlara görə Dünya Bankı “Doinq Business” 2018-ci ilin hesabatında Azərbaycanı 25-ci yerə layiq görmüşdür. Azərbaycan son 1 il ərzində 32 pillə irəliləmiş və ən islahatçı 10 ölkə sırasına daxil edilmişdir. Əlbəttə, xarici investorlar, eyni zamanda, sahibkarlar buna görə də ölkəyə daha çox sərmayə qoyurlar.
Beləliklə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan möhkəmləndirəcək. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən qüdrətli və sürətlə inkişaf edən dövlətlərindən birinə çevriləcək.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
Beynəlxalq Menecment Akademiyasının üzvü, Əməkdar elm xadimi, professor