A

"Xalq qəzeti"

Hər bir cəmiyyətdə mütləq çoxluğun mənafeyini ifadə edən, real təminatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi davamlı tərəqqinin vacib şərtlərindən biri sayılır. Müasir dövrdə hər bir xalqın milli inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir.

Azərbaycanda bazar münasibətlərinə söykənən liberal iqtisa­di sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, ölkənin zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublika­nın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konsep­tual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə iqtisadiyyat təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Məhz dünya­miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.

Ulu öndərin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ümummilli liderin müstəqillik konsepsiyasının, sosi­al-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı bö­yük uğurlarda bir daha tarixi təsdiqini tapır.

Bu gün ən müxtəlif iqtisadi mərkəzlərində respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenindən danışılır, “İnkişafın Azərbaycan modeli”nin mahiyyəti öyrənilməyə çalışılır. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.

Dövlətimizin başçısı İlham Əliyev ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 18 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirib, sosial-iqtisadi isla­hatlarla demokratikləşmə prosesinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülüb, iqtisadi sahə həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil edib. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davam­lı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlib. Nəticədə res­publikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ də müsbət həllini tapıb, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Ötən illərdə Azərbaycan iqtisa­diyyatının şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə edib. Beləliklə, Azərbaycan keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astana­sına qədəm qoyub.

Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiy­yata malik olduğunu sübuta yetirib.

İyirmi il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan hər bir postsovet ölkəsi indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkir. Respubli­kamızın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, ha­zırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri, hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan dövlətlər sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanıb və Şərqi Avropa­da “yaşıl iqtisadiyyat”ın tədqiqini aparan ilk ölkə kimi tanınıb. Dövlət hakimiyyətinin möhkəmliyi də bir çox cəhətdən iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərini müdafiə etmək, ictimai qüvvələrin tarazlığını qoruyub saxlamaq və cəmiyyətə xas olan mülki, demokratik, özünüidarə meyillərinin mütərəqqi inkişafını real­laşdırmaq qabiliyyəti ilə müəyyənləşir. Bu mənada, ölkədə demokratik təsisatların rolunun yüksəldilməsi, insan hüquqlarının müdafiəsi sistemi­nin təkmilləşdirilməsi istiqamətində atılan addımlar nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan islahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq standartlara tam uyğunluğu­nu təsdiqləyir.

Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizm­dir. Hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çev­rilib, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkib. Bu, eyni zamanda, cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qo­runmasını gerçəkləşdirib, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırıb, onları qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edib. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilən nailiyyətlərin qiymətləndirilməsi, uğurların ictimaiyyətə düzgün, obyek­tiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilib.

Bütün bunlar, həm də bir sıra iqtisadi, siyasi və humanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilməsi ilə nəticələnir. Respublikamızın beynəlxalq nüfuzu daha da yüksəlir, dünya ictimaiyyəti ölkəmizdə həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Azərbaycan sülh və əməkdaşlıq pay­taxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti mühüm rol oynayır.

Beləliklə, respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi isla­hatların dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir. Bir müddət əvvəl keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumu bunun bariz ifadəsidir. Belə bir forumun paytaxtımızda reallaşması, ilk növbədə, respublikamızın sivili­zasiyalararsı dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir. Ümumiyyətlə, mədəniyyətlər, sivilizasiyalar və kon­fessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu for­matda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Forum iştirakçılarının qənaəti bundan ibarət olub ki, qlobal­laşan müasir dünyada dəyər sistemləri yenilənir, sosial və mədəni proseslər sürətlənir. Həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi və mənəvi irəliləyişlər baş verir, əvvəlki tarixi dövrlərdə cəmiyyətin şü­urunda formalaşan stereotiplər və sosial təsəvvürlər dəyişir.

Yeri gəlmişkən, adı çəkilən forumun Azərbaycan paytaxtında keçirilməsi əlamətdar hadisə olmaq­la yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırıb. Bir daha təsdiqlənib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, qədimliklə müa­sirliyin qovuşduğu məkan olaraq bu məqsədlərə yönələn mühüm təşəbbüslərlə çıxış edir. Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən forum sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır.

Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdı­rılmasına səy göstərilən istənilən ideya təkcə azərbycanlıların deyil, digər milli azlıqların da maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olu­nur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dini və etnik tolerantlıq Azərbaycan xalqı­nın qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərımizi özündə ehtiva edən fəlsəfəmizdə başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideolo­giyası isə dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.

Hazırda milli ideya yalnız təmsil etdiyi dövlətin milli, siyasi, coğrafi hüdudları çərçivəsində deyil, qlobal məkanda həyatiliyini sübut etməlidir. Yəni milli ideya xalqın identikliyini nə qədər özündə əks etdirsə də, ümumən yeni dünya nizamının reallıqlarına cavab verməli, bəşəri dəyərlərlə uz­laşmalıdır. Hər bir xalqın milli ideyası özünün mütərəqqi xarakteri ilə sülh və tərəqqiyə, sivilizasiyalararası dialoqa xidmət etməlidir. Bu mənada, müasir Azərbaycan elmin, təhsilin inkişafına, insan kapitalının inkişafına göstərdiyi diqqətlə, həm də bəşəri tərəqqiyə, ümumi rifaha, nəcib niyyətlərin gerçəkləşməsinə sanballı töhfələri verir. Bəşəriyyətin çoxəsrlik tarixi də göstərir ki, elm və təhsil hər bir xalqın mütərəqqi inkişafını gerçəkləşdirən ən zəruri vasitələrdəndir.

Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi də məhz yuxarıda vurğulanan fundamental prinsiplərin sistemli surətdə real­laşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Bu baxımdan, Prezident İlham Əliyevin respublikamızda “qara qızılı insan kapitalına” çevirmək strategiyası mü­hüm önəm daşıyır. Bu prioritet xəttin əsasında Azərbaycanda güclü intellek­tual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdı­rılması, elmtututlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması ideyası dayanır.

“İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu, olmalıdır, həm də, əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir” – deyən dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırıl­ması məqsədi dayanır. Modernləşmə xəttinin lideri olan cənab İlham Əliyev bu yolun ölkəmizi bilik və informa­siya cəmiyyətinə gətirib çıxaracağını hesab edir. Bu isə modernləşmənin cəmiyyətin şüuru, onun elmə, təhsilə, mədəniyyətə münasibəti ilə bağlılığı­nı bir daha təsdiqləyir. Azərbaycanın sosiomədəni modernləşməsi təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin tez bir zamanda keyfiyyətli tətbiqini deyil, kreativ və innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməni şərtləndirə bilən institutların yaranmasını nəzərdə tutur. Prezident İlham Əliyev yaradıcı zəka sahiblərinin, intellektual, kreativ kadrların, gənc, qabiliyyətli insanların dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmasını da son dərəcə vacib sayır.

Prezident İlham Əliyev bu və digər ali məqsədləri sadəcə dek­lorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” 29 noyabr 2011-ci il tarixli Sərəncamı bunun bariz nümunəsidir. Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın sadəcə bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün say­mır. Cənab İlham Əliyevin sözügedən sərəncamı ölkənin uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını nəzərdə tutur. “Azərbaycan – 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramların qəbulu nəzərdə tutulur.

Yeni əsrin yeni lideri İlham Əliyev ötən 18 il ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada nüfuzlu bir dövlətə çevirdi. Bu güc sayəsində Qaraba­ğın 30 il davam edən işğalına 44 gündə son qoyuldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasının əsasını təşkil edən üç mühüm amil – iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsini şərtləndirdi.

Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qu­rucu, birləşdirici, xalqının bütün istək-arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderdir.

Ulu öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 18 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazan­dığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanıb. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaş­dırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi yekunlaşdırılıb. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.

Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbili­si–Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüs­tanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mü­hüm əməkdaşlıq platforması yara­dıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilib.

Bu gün Azərbaycan həm də dün­yada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekom­munikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki – “Azers­pace-2” orbitə çıxarılıb.

Bütün bunlarla yanaşı, son 18 ildə ölkəmizdə ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatları 53,5 milyard ABŞ dolla­rına çatıb. Qeyri-neft sektoru, kənd təsərrüfatı, metallurgiya sənayesi və yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verib.

Beləliklə, dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli dövlət qu­ruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsində parlaq qələbənin qazanılmasında əsas amillərdən biri olub.

Prezident İlham Əliyevin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayıb. Ölkələrin bir-birinin suverenliyinə hörmətlə yanaşmalarının, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən dövlət başçısı xarici siyasət kursunu bu prinsiplər əsasında qurub.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suveren­lik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxi­li işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olması kimi məsələləri praktikada təsdiqləyir. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.

Əlbəttə, Ermənistan istisna olmaqla, indiyədək bütün qonşular­la, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə quru­lan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayıb. Bu gün həm də dünyada eti­barlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platforma­larda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirib. Burada Azərbaycan-Türkiyə–Gürcüstan və Azərbaycan–Rusiya–İran üçtərəfli əməkdaşlıq platformalarını xüsusi qeyd edə bilərik. Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin bəziləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələrini də vurğulamaq olar.

Beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələrinin qurulması ölkəmizin beynəlxalq imicinin for­malaşmasında mühüm önəm daşıyır. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya Türk Şu­rası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri də daxildir.

Hazırda bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə də Azərbaycan Prezidenti liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Belə ki, məhz dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçi­rildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiya­sına həsr olunmuş sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Qoşulmama Hərəkatının Zirvə görüşündə isə dövlətimizin başçısı BMT Baş Assambleyasının koronavi­rusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs də beynəlxalq birlik tərəfindən dəstəkləndi. Realla­şan xüsusi sessiya Azərbaycana, onun Prezidentinə beynəlxalq arenada olan böyük hörmətin təzahürüdür.

Təbii ki, düşünülmüş və konk­ret hədəfə istiqamətlənmiş xarici siyasətdə ən ağrılı problemimiz olan Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli üçün hüquqi bazanın formalaşdırılması xüsusi yer tuturdu. Bununla yanaşı, dövlətimizin başçı­sı müvafiq qurumların, diplomatik missiyaların qarşısında bu məsələ ilə bağlı müvafiq tapşırıqlar qoydu və əməli addımlar atıldı, beləliklə, dünya Azərbaycanın ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı. Həmçinin Azərbaycan Prezidentinin səyləri nəticəsində münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şu­rasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşul­mama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bü­tövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı mövqeyimizi daha da gücləndirmiş oldu.

1994-cü ildə atəşkəs əldə olunduq­dan sonra ulu öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri ordu quruculuğu idi. Bu istiqamət Prezident İlham Əliyevin də güclü dövlət konsepsiyasının tərkib hissəsi oldu. Peşəkar hərbi qulluqçuların hazırlanması, ordunun maddi-tex­niki təminatının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı.

İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumu­zun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluq­çularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi.

Bunlarla yanaşı, Ali Baş Komandan, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu, Azərbaycan Silahlı Qüvvələrini lazımi müasir silah və hərbi texnika ilə təmin etmək baxımın­da çox mühüm önəmə malik addım idi.

Ötən il sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın “İrəli!” əmrindən sonra Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu.

“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç amilin vəhdəti Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.

Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraq­larını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı baca­ran lider olduğunu nümayiş etdirdi. Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaş­mağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaq­dır. Bu baxımdan ölkənin inkişafının indiki mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdı­rılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasın­da etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğur­ları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.

Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımı­zın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.

Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının mudiri,
iqtisad elmləri doktoru, professor, BMT-nin Sülh səfiri

Elnur SADİQOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının professoru,
iqtisad elmləri doktoru, YAP İdarə Heyətinin üzvü

TOP XƏBƏRLƏR