A

AZƏRTAC

Bu gün Qərbi Azərbaycan mövzusunun aktuallaşması tarixi zərurətdən yaranmış bir məsələdir.

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər artıq Qərbi Azərbaycana qayıdışımızın həyata keçirilməsi üçün tarixi şərait yaradıb. Bu tarixi Qələbənin və gələcək ikinci böyük bir Zəfərimizin müəllifi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qərbi Azərbaycan İcmasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev söyləyib.

Müsahibimiz deyib: “Qarabağ işğaldan azad olunduqdan sonra tarixi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdış üçün geniş və hərtərəfli şəkildə mübarizənin aparılması istiqamətində artıq çox ciddi addımlar atılır. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşü və burada səsləndirdiyi fikirlər bir daha bunun təsdiqidir. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü təkcə tarixi, siyasi baxımdan deyil, eyni zamanda, mənəvi baxımdan da çox böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının Qərbi Azərbaycana qayıdışımızla bağlı proqram xarakterli çıxışı hər birimizin qarşısında çox böyük vətəndaşlıq məsuliyyəti qoymaqla yanaşı, həm də bu mübarizədə hamılıqla həmrəy olmağımızı diktə edir”.

Orucəli Rzayev qeyd edib ki, təkcə XX əsrdə Qərbi Azərbaycanda soydaşlarımız 4 dəfə - 1905, 1918-1920, 1948-1953 və nəhayət, 1988-ci illərdə erməni vandalizminin misli görünməmiş dəhşətli terrorunun qurbanı olub, kütləvi şəkildə soyqırımına, deportasiyaya məruz qalıblar. “Dünyada elə bir xalq yoxdur ki, digər bir xalq tərəfindən bu qədər dəhşətli zülmə düçar olsun. Bu acınacaqlı vəziyyət demək olar ki, iki yüz ildən artıq idi ki, davam edirdi. Qırx dörd günlük Vətən müharibəsi və bu müharibənin Zəfər simvolu olan “Dəmir yumruq” düşmənlərimizə elə bir tarixi dərs verdi ki, onlar hələ bundan yüz il sonra da bu acı məğlubiyyətin təsirindən qurtulmayacaqlar”, - deyə professor vurğulayıb.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması qarşısında qoyduğu vəzifələrin icma tərəfindən uğurla icra olunduğunu diqqətə çatdıran professor Orucəli Rzayev deyib: “Qayıdış Konsepsiyası ilə bağlı silsilə dinləmələrin keçirilməsi, Qərbi Azərbaycan üzrə icma nümayəndəliklərinin yaradılması, 1988-ci ildə doğma yurd yerlərini tərk etmiş soydaşlarımızın siyahıya alınması və digər istiqamətlərdə zəruri işlər görülür. Mən də Qərbi Azərbaycan İcmasında təmsil olunan Şimal-Qərb zonası üzrə nümayəndə kimi, qədim yurd yerlərimizə qayıdışımızın təmin edilməsi üçün bu bölgədə yerləşən soydaşlarımızla mütəmadi olaraq görüşlər keçirir və qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışıram”.

TOP XƏBƏRLƏR