Müxtəlif dövrlərdə ermənilərin Cənubi Qafqaza köçürülmələri xalqımızın soyqırımına, faciələrə, amansız və aramsız qırğınlara məruz qalmasına səbəb olub.
Xalqımız müsibətlərlə dolu faciələri 1905-ci, 1915-ci, 1918-1920-ci və 1948-1953-cü illərdə daha faciəvi şəkildə yaşayıb. Havadarlarının dəstəyi ilə ermənilərin xalqımıza qarşı həyata keçidikləri bu qanlı cinayətləri sovet dövləti nə qədər tarixdən və qan yaddaşımızdan silməyə çalışsa da, buna nail ola bilmədi. Çünki, tarixi heç zaman unutmaq, silmək və inkar etmək olmur.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala filialının direktoru, professor Orucəli Rzayev söyləyib.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ağrılı-acılı keçmişinin gerçək mənzərəsini ortaya çıxarmaq imkanının yarandığını vurğulayan professor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu sahədə gerçək həqiqətlərin üzə çıxarılması istiqamətində araşdırmaların aparılması üçün geniş imkanlar açıb: “Xalqımıza qarşı törədilən amansız faciələri daim xatırlamaq, qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlər sırasında 1918-ci ilin mart soyqırımı həm öz miqyasına, həm də amansızlığına görə ən dəhşətli faciələrdən, qırgınlardan biri hesab olunur. Xalqımıza qarşı törədilən həmin qanlı hadisələrdə minlərlə insan ən qəddar üsullarla qətlə yetirildi. Bakını xarabazarlığa çevirdilər. Soyqırımı siyasəti təkcə Bakıda deyil, eyni zamanda, Gəncədə, Şamaxıda, Qubada, Zəngəzurda, Lənkəranda, Naxçıvanda, Qarabağda və digər bölgələrdə misli görünməmiş qəddarlıqla həyata keçirildi. Xalqımıza məxsus maddi-mədəniyyət abidələri, yüzlərlə təhsil ocağı, uşaq bağçaları, kəndlər, şəhərlər dağıdılaraq məhv edildi”.
Həmsöhbətimiz qeyd edib ki, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi xalqımıza qarşı ən qəddar cinayət idi. Yüz minədək azərbaycanlının öz doğma torpaqlarından deportasiya edilməsi Stalin repressiyasının məntiqi nəticəsi idi. Soydaşlarımızın əksəriyyəti bu ağır iqlim şəraitinə dözməyib dünyasını dəyişdi. Nəhayət, 1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması və tarixi torpaqlarımızda bir nəfər də olsun azərbaycanlının qalmaması erməni şovinizminin əsl mahiyyətini ortaya qoydu. Xalqımızın keçmişini özündə yaşadan yüzlərlə toponim, hidronim, oronim və etnonimin adının dəyişdirilərək erməniləşdirilməsi tarixi həqiqətlərin inkar edilməsi və silinməsinə qarşı aparılan soyqırımı siyasəti deyilmi?
Orucəli Rzayev bildirib ki, 1992-ci ilin fevralında ermənilər və onların havadarları tərəfindən Xocalıda törədilən soyqırımı da misli görünməmiş faciə idi. “Bir şəhərin əhalisi ilə birlikdə məhv edilməsi miqyasagəlməz tarixi cinayətdir. Uşaqlara, ahıllara, qadınlara, eləcə də övladının gözləri önündə valideyninə, valideynin gözləri önündə övladına verilən olmazın işgəncələri necə unutmaq olar? Azərbaycan dövləti Xocalı qətliamının bütün dünyada soyqırımı aktı kimi tanıdılması istiqamətində bütün addımları atır. İnanırıq ki, gec-tez tarixi həqiqətlər öz yerini tapacaq”,- deyə o əlavə edib.
Professor qeyd edib ki, Azərbaycan xalqı tarixin ən ədalətsiz hadisələri ilə dəfələrlə üz-üzə qalmasına baxmayaraq, ikili standartlar bu gün də davam etməkdədir. Tarixdə “erməni məkri” deyilən bir anlayış var. Çünki onlar istər mahiyyət, istər forma, istərsə də məzmun etibarilə bu adın daşıyıcıları kimi, artıq bütün dünyada məşhurdurlar.
Qırx dörd günlük Vətən müharibəsindən sonra ermənilərin qəsbkarlığına son qoyulmasının xalqımızın 200 illik tarixinin ən şərəfli səhifələrindən birini təşkil etdiyini vurğulayan Orucəli Rzayev deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və qətiyyəti, igid əsgərlərimizin düşmənə qarşı mətanətlə mübarizə aparması xalqımıza bu tarixi Qələbəni yaşatdı. Xalqımızın tarixinə və taleyinə qızıl hərflərlə yazılan bu tarixi Zəfərin bizi daha böyük uğurlara aparacağına əminəm”.