Universitetlərin bufetləri tələbələrin demək olar ki, həm nahar etmək, həm asudə zamanlarını dəyərləndirmək üçün ən çox vaxt keçirdikləri yerlərdən biridir. Hər bir ali təhsil ocağının yeməkxanasının özünəməxsus qaydaları, yemək menyusu, qiymət cədvəli var. Təbii ki, yeməklər də keyfiyyətinə görə fərqlənir.
AzEdu.az saytı universitetlərin yeməkxanalarından silsilə reportajlar təqdim edəcək. Tələbələr bufetlərdə nə yeyir, nə içirlər, qiymətlər onların cibinə uyğundurmu?.. Bu və digər suallara ali təhsil ocaqlarının yeməkxanalarından hazırladığımız yazılarda cavab tapa biləcəksiniz. İlk reportajımızı ölkənin aparıcı ali məktəblərdindən olan Azərbaycan Dövlər İqtisad Universitetindən (UNEC) hazırlamışıq.
Beləliklə, yolumuz UNEC-in 3 saylı tədris binasının yeməkxanasınadır…
Bizi İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səmayə Şirinova qarşıladı. Qısa söhbət əsnasında ümumi məlumat verdi, yeməkxana ilə tanış etdi. Gerisi isə bizlik idi…
Biz yeməkxanaya daxil olanda dərs saatı olduğuna görə, orada tələbə sayı az idi. Zalda əyləşən gənclərin bəziləri yemək yeyir, bir qismi dərs hazırlayır, digərləri isə boş vaxtlarını dostları ilə əyləşib söhbət edərək dəyərləndirirdi.
Maraqlı idi, tələbələrin ən çox yedikləri hansı yeməklərdir… Bu məqsədlə olara yaxınlaşdıq…
Özünü Dizayn fakültəsinin 3-cü kurs tələbəsi olaraq təqdim edən Zülfiyyə Kazımova bufetdən ən çox aldığı yeməyin sendviç olduğunu dedi:
“Demək olar ki, hər gün yemək üçün bufetə gəlirəm. İsti yeməkləri elə də sevmədiyim üçün ən çox sendviç, içkilərdən isə kofe və çay alıram. Yeməklər çox dadlıdır, keyfiyyətinə də söz ola bilməz. Qiymətlər isə keçən il daha münasib idi, bu il bir az artım olub. Bir tələbənin naharı təxminən 3-4 manata başa gəlir”.
Dizayn fakültəsinin 3-cü kursunda oxuyan digər tələbəsi Günay Həsənova yeməkxanada əyləşsə də, daha çox marketdən aldığı qidalarla nahar etdiyini söylədi:
“Qazan xörəkləri ilə aram yoxdur, daha çox burger, sendviç kimi hazır yeməklər yeyirəm. Amma onu qeyd etməliyəm ki, bizim bufetdə yeməklərin keyfiyyəti üst səviyyədədir, qiymətlər isə mənə görə bir az bahadır. Buna görə də çox vaxt marketdən bir şeylər almağa çalışıram. Bəzən sırf yemək üçün yox, boş vaxtlarımız olanda da bufetdə əyləşir, söhbətləşib zamanımızı dəyərləndiririk”.
Mühəndislik fakültəsinin tələbəsi Rəşad Nuri yemək yeməsə də, dostları ilə birlikdə bufetdə oturub müzakirələr aparmağı çox sevdiyini bildirdi:
“Hər gün dərsdən sonra tənəffüsdə bufetə gəlirəm. Hava yaxşı olanda çöldə də oturmaq üçün yerlərimiz var, orada dostlarımla əyləşirik. Mən də isti yeməkləri çox sevmirəm, əsasən hazır un məmulatları alıram. Burada təklif olunan yeməklərin keyfiyyətinin və qiymətinin universitet bufetinə görə normal hesab edirəm. Səhər növbəsində təhsil aldığım üçün ümumi 5-6 manat nahara xərcim çıxır”.
Maşın mühəndisliyi ixtisası üzrə təhsil alan tələbə Vüsal Əmirli bildirdi ki, idmanla məşğul olduğu üçün çox vaxt evdən özü ilə dietik qidalar gətirir:
“Əvvəllər bufetdən yemək almışam, keyfiyyəti qənaətbəxş hesab edə bilərəm. Hazırda idmanla məşğul olduğuma görə bufetdən yeməyə heç nə almıram, özümlə dietik qidalar gətirirəm, ya da mağazadan alıram. Məcbur qalanda bufetdən yeməyə düyü, içməyə də meyvə suyu alıram. Məncə qiymətləri bir az bahadır”.
Tələbələrlə söhbətdən belə qənaətə gəldik ki, gənclər qazan xörəklərindən çox sendviç, burger kimi “fastfood” yeməklərinə daha çox üstünlük verirlər.
Qeyd edək ki, universitet yeməkxanasında müəllimlər üçün də ayrıca yer müəyyənləşdirilib. Müəllimlərin də bufetlə bağlı fikri bizim üçün maraqlı idi.
Onlar üçün ayrılmış otağa keçdik. Yeməkxanaın bu guşəsi də yüksək səviyyədə təmirli, gözəl mebel dəsti ilə təchizatlı idi. Yemək masası arxasında əyləşən iki müəllim diqqətimizi çəkdi…
Onlardan biri Dizayn kafedrasının baş müəllimi Əli Əliyev idi. Əli müəllimin sözlərinə görə, əvvəllər yeməkxanada pedaqoji heyət üçün ayrıca yer ayrılmağından xəbəri yox imiş, təsadüfən, bu gün ilk dəfə bufetə gəlib:
“Düzünü desəm, əvvəllər yeməkxanada müəllimlər üçün ayrıca yer olduğundan da xəbərdar deyildim, buna görə də evə ac gedirdim. İndi ilk dəfədir ki, bufetə gəlmişəm. Sadəcə olaraq, bu il dərslərim kompakt olduğuna görə yeməkxanaya gəlməyə vaxtım olmur. Onu deyim ki, bizim yeməkxananın quruluşu, binanın dizaynı çox yüksək səviyyədədir, xoşum gəlir. Tələbələr üçün çox gözəl şərait yaradılıb, yaxşı havada çöldə də otura bilirlər. Onlar təkcə yemək üçün bufetə gəlmirlər, həm də oturub söhbət edir, müzakirələr aparır, dərs oxuyur, imtahana hazırlaşırlar. Bufet tələbələr üçün sadəcə yemək yox, həm də deyərdim ki, ünsiyyət yeridir”.
Müsahibimiz olan digər müəllim də Dizayn kafedrasında çalışdığını bildirdi. Kafedranın baş müəllimi Gülçöhrə Salehzadə vaxtı olduqca bufetə gəldiyini və yeməkləri - xüsusən də şirniyyatları çox bəyəndiyini bildirdi:
“Dərslərdən vaxt tapıb bufetə tez-tez gəlmək imkanım olmur. Universitetimizdə daim tədbirlər keçirilir. Elə gün olur ki, biz səhərdən axşama kimi tədris binasında oluruq. Belə günlərdə fasilə zamanı bufetə gəlirəm, yeməklərdən, xüsusən də şirniyyatlarından çox razı qalmışam. Təmizliyə ciddi riayət olunur. Mən özüm də tələbəlik illərimdə bu tədris binasında təhsil almışam. Əvvəlki korpus ilə indiki yeni təmirli bina arasında yerlə göy qədər fərq var. Çox müasir korpusdur, bütün şərait yaradılıb, buna görə rəhbərliyə, rektorumuz professor Ədalət müəllimə təşəkkür edirik. Təkcə bufet deyil, auditoriyalara da baxsanız, həm tələbələr, həm də müəllimlər üçün çox gözəl şəraitlə qarşılaşarsınız. Kafedramız əvvəlki korpusumuzda nisbətən balaca otaqda yerləşirdi, amma indi isə çox rahat və genişdir, hətta yumşaq mebel dəstimiz də var.
İsti yxörəklərə çox üstünlük vermirəm, ən çox salat kimi yüngül yeməyi sevirəm. Qiymətlərin də münasib olduğunu düşünürəm”.
Bufetdə təklif olunan yeməklər haqqında daha geniş məlumat almaq üçün baş aşbaz Nərminə Məmmədova ilə söhbət etdik.
Müsahibimizdən müəllimlərin ən çox hansı yeməklərə üstünlük verdiklərini soruşduq.
Məlum oldu ki, UNEC-in yeməkxanasına gələn pedaqoqlar ən çox qulyaş, lülə, şnitzel sevirlər:
“İsti yeməklərdən göbələk şorbamız var - onu gündəlik çbişirmirik, həftədə bir dəfə olur. Mərci və toyuq şorbası həmişə olur, ən çox sevilən xörəklərimizdəndir. Makaron, hamburger, qarabaşaq kimi uşaqlar üçün ən xeyirli olan qidaları hazırlamağa çalışırıq”.
- Nərminə xanım, tələbələr ən çox hansı yeməklərə üstünlük verirlər?
- Tələbələr ən çox “fastfood” yeməklərini - şnitzel və naqqets (toyuq budu və döş ətinin qızardılmışı) sevirlər. Bundan başqa, sendviç, hamburger, şaurma kimi çeşidlərimiz də var. Sendviçlərimiz vetçina kolbasasından hazırlanır. Hamısının keyfiyyətinə özümüz nəzarət edirik.
- Ən bahalı və ən ucuz yeməklər hansılardır?
- Zənnimcə, yeməklərimizin hamısı ucuz və tələbə büdcəsinə uyğundur. Bir qab yemək 4 manata başa gəlir. Buraya 200 qram əsas yemək (düyü, qarabaşaq, bulğur, makaron) və 150 qram qarnir daxildir.
- Hər gün eyni yemək olur, yoxsa dəyişir? Bəs menyu necə müəyyənləşir?
- Yeməklər gündəlik dəyişir, ən çox üstünlük verilənlər isə həftədə iki dəfə menyuya daxil edilir.
- Mövsümə uyğun meyvə-tərəvəz də verirsinizmi?
- Menyuda fəsillərə görə də dəyişiklik olur. Məsələn, indi yazdır – badımcan-bibərli yeməklər olacaq, meyvə olmur, amma təbii meyvə sularımız mövcuddur.
- Bufetdə qadağa qoyulan yeməklər varmı?
- Çalışırıq ki, təqdim etdiyimiz qidalar sırf tələbələrə uyğun və onlara xeyirli olsun. Buna görə də, alkoqollu olub-olmamasından asılı olmayaraq, enerji içkiləri və başqa zərərli şeylərin satışını həyata keçirmirik. Çünki gənclər bizim gələcəyimizdir.
- Heç zəhərlənmə halı baş verib?
- Mən yeməklərimi gündəlik hazırlayıram. Hər gün səhər saat 08:00-da yeməklər hazırlanır, axşama qədər də bitir, heç artıq qalmır. Yeməklər yeni məhsullarla, gigiyenik qaydalara uyğun, təmiz şəraitdə hazırlandığına görə hələ ki zəhərlənmə halları ilə qarşılaşmamışıq.
- Bufetdə boş oturanlar olur - kimsə söhbət edir, dərs hazırlayır - belə hallarda hansı tədbir görülür?
- Ümumiyyətlə, bufetdə boş oturan olmur. Bufet qiymətləri büdcəsinə uyğun olmayan tələbələr özləri ilə yemək gətirirlər. İmtahan ərəfəsində çox görürük ki, tələbələr gəlirlər, çay, kofe alıb dərs oxuyurlar. Biz onlara nəsə deyə bilmərik. Bu onların haqlarıdır.
Bufetin müdiri Fərid Bağırovla də söhbətləşdik:
“Bura İqtisad Universitetinin 3-cü tədris binasıdır. 2020-ci ildən hazır olmağına baxmayaraq, məlum pandemiya səbəbindən tədris binamız fəaliyyətinə 2021-ci ildə başladı. Artıq ikinci ildir ki, tədris binası tam gücü ilə fəaliyyət göstərir. Bizim yeməkxanada yeməklər əsasən qazan xörəkləridir. Menyu gündəlik olaraq dəyişir. Tələbələr ən çox qızartma və “fastfud” yeməklərinə üstünlük verirlər. Yeməklərin qiyməti onların tərkibinə görə dəyişir. Ən bahalı yeməyimiz əsasən ət xörəkləridir, 3 manat 80 qəpiyə təklif edilir. Yeməkxana özünəxidmət prinsipi ilə işləyir. Bəzən tələbələr boşqablarını və s. masanın üzərində qoyub gedirlər, onlara qarşı ciddi bir tədbir görülmür. Belə hallar baş verəndə, həmin tələbədən xahiş edirik ki, zəhmət olmasa, boşqabınızı çirkli qablar bölməsinə qoyasınız. Əgər etməsə, özümüz təmizləyirik. Yeməkxanada qadağa qoyulan yeməklər olmasa da, alkoqollu və enerji içkiləri, tütün məhsulları satılmır. Yüksək keyfiyyətli qidalardan istifadə etdiyimizə görə, bu günə qədər zəhərlənmə faktı olmayıb.
Onu da xatırladım ki, bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bufetimizdə növbəti yoxlama proseduru keçirib və nəticələrimiz yaxşı olub. Biz hər gün bişirilmiş yeməklərdən nümunə götürüb xüsusi qablarda iki gün saxlayırıq. Hər hansı baş verəcək hala qarşı əlimizdə nümunə olur - yoxlamaya göndərmək üçün. Bufet tələbələr üçün təşkil olunmuş bir məkandır. Bəzən tələbələr yemək yeməsə də, gəlib orada şahmat -dama oyunları oynayırlar, Dizayn fakültəsinin tələbələri şəkil də çəkirlər. Burada bir problem yoxdur, biz tələbələrə xidmət etmək üçün varıq.
Yeməklər hər gün səhər 08:00-da bişirilir, 07:50-yə qədər bulka, kökə kimi un məmulatları dəzgaha düzülür. Bizdə normalda yeməklər bişdiyi gün də bitir, sabaha qalmır.
Mövsümə uyğun olaraq menyuda dəyişikliklər olunur. Məsələn, nar mövsümündə narlı yeməklər və təbii nar şirəsi təqdim olunur, indi tərəvəz salatlarına daha çox önəm verilir. Əlimizdən gəldiyi qədər çalışırıq ki, tələbələrə, müəllimlərə - bütün universitet heyətinə yaxşı xidmət göstərək. Özümüzə layiq bilmədiyimizi başqasına layiq bilmirik, hələ ki bir şikayət olmayıb və heç bir problemlə qarşılaşmamışıq”.
İşimizi görüb qurtarandan sonra “bura qədər gəlmişkən, özümüz də yeməklərin dadına baxaq” deyib, fotoqrafımızla bir neçə çeşid xörək aldıq… Doğrudan da keyfiyyət yaxşı idi, lap əsl ev xörəklərindəki kimi… Nuş olsun!