A

525-ci qəzet

ƏDALƏT MURADOV: "UNEC-DƏ HAZIRDA 20 MİNƏ YAXIN TƏLƏBƏ TƏHSİL ALIR"

İyunun 3-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasına start verilib.

Hər il imtahan dövründə UNEC rektoru, professor Ədalət Muradov radio UNEC-in canlı efirində  tələbələrin imtahan sessiyası ilə bağlı suallarını cavablandırır. Bu il isə Ədalət Muradov  Facebook sosial şəbəkəsində canlı yayıma qoşulub. Canlı yayımda rektor UNEC-in 2019-2020-ci tədris ili üçün qəbul planı, burada təhsil imkanları, tələbələr üçün yaradılan şərait və sair haqqında, eləcə də abituriyentlərin, magistraturaya qəbul olmaq istəyənlərin, eləcə də onların valideynlərinin UNEC-dəki təhsil imkanları, ixtisaslar, beynəlxalq və ikili diplom proqramları, xüsusi təqaüdlər, təhsil haqları  və digər mövzularda suallarını cavablandırıb. Tələbələr sərbəst şəkildə, çəkinmədən rektora suallarını ünvanlayıblar. 

Dörd dildə tədrisin həyata keçirildiyi yeganə universitet

Rektor deyib ki, UNEC-də hazırda 20 minə yaxın tələbə təhsil alır: "Bu universitet təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda iqtisad yönümlü ən böyük universitetdir. Bizim universitetimiz yeganə ali məktəbdir ki, 4 dildə - ingilis, rus, türk və Azərbaycan dillərində tədris həyata keçirir. Bizim universitetimiz yeganə ali məktəbdir ki, xarici ölkədə - Rusiyada filialı var. Universitetimiz yeganə dövlət universitetidir ki, onun İSO beynəlxalq keyfiyyət standartı var. Ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas hədəflərindəndir. Bu strategiya həm də Prezident İlham Əliyevin müəyyən etdiyi "insan kapitalı"nın formalaşdırılması strategiyası kimi qəbul edilə bilər. Strategiyada qeyd edilən əsas istiqamətlərin reallaşdırılması, keyfiyyət meyarlarının sistemin əhəmiyyətli dayaq nöqtəsinə çevrilməsi Azərbaycanda müasirləşən təhsilin ən mühüm təşəbbüsləri sırasındadır. Bu baxımdan UNEC-də həyata keçirilən islahatların əsas öncəlikləri kimi əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsini və ölkənin rəqabət qabiliyyətini artıran insan kapitalının formalaşdırılmasına xidmət edilməsini göstərmək olar. Müasir çağırışları nəzərə alaraq, müasir bilikləri mənimsəyən, təkcə öyrənən deyil, həm də tədqiqatçı yanaşması və bacarığı ilə yeni fikir və baxışlar "istehsal edən" mütəxəssis yetişdirən universitet modelini formalaşdırmaq əsas məqsədlərindəndir. UNEC dövlət və özəl sektor təmsilçiləri, nüfuzlu xarici universitetlərlə sıx əməkdaşlıq etməyə başlayıb. Biz həm ölkə əmək bazarının tələblərini, həm də beynəlxalq əmək bazarında baş verən yeni tendensiyaları öyrənərək fəaliyyətimizi həmin tələblər istiqamətində qurmağa çalışırıq".

UNEC-lə yanaşı nüfuzlu xarici universitetlərin dilomlarını əldə etmək şansı

Ə.Muradovun sözlərinə görə, UNEC-in Türkiyə və Avropanın bir sıra universitetləri ilə geniş mübadilə və ikili dilom proqramları var. Yəni UNEC-i seçən tələbə 4 il ərzində bizim universitetlə yanaşı digər nüfuzlu xarici universitetlərin dilomlarını da əldə etmək şansı qazanır: "UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Monpelye Universiteti arasında ikili diplom razılaşması var. Bu razılaşmaya əsasən, tələbələr 3-cü kurs təhsillərini Monpelye Universitetində davam etdirirlər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönərək, təhsillərini 4-cü kursdan davam etdirirlər.  Hər iki universitetin professorlarının rəhbərliyi altında buraxılış işlərini uğurla müdafiə edən tələbələrə həm UNEC-in, həm də Monpelye Universitetinin diplomları təqdim olunur.Bu proqram UNEC tələbələrinə Monpelye Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir.

Bununla yanaşı, UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Litvanın Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması var. Bu razılaşma UNEC-in magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Yəni İqtisad Universitetinin magistraturasına qəbul olunanlar həm UNEC-in, həm də Mikolos Romeris Universitetinin magistr diplomunu əldə edə bilirlər. Başqa sözlə, həm Azərbaycanın, həm də Avropanın diplomuna sahib olmaq imkanı qazanırlar. UNEC ilə İsveçrənin Cenevrə şəhərində yerləşən UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (BBTU) ikili magistr dərəcə proqramı aşağıdakı ixtisaslar üzrə həyata keçirilir.

Növbəti tədris ilindən etibarən isə UNEC Avropanın iki nüfuzlu universiteti ilə magistr səviyyəsi üzrə ikili diplom proqramına başlayır. Bunlar ABŞ-ın Linkoln  Universiteti və  Fransanın  Monpelye Universitetidir.  ABŞ-ın Linkoln  Universiteti ilə UNEC arasında imzalanan ikili diplom proqramına dair  müqaviləyə əsasən, UNEC  tələbələri öz seçimlərinə uyğun olaraq, 1 və ya 2 il ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda UNEC-də dinləyib uğurla imtahan verdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin diplomu ilə yanaşı, həm də ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər". 

Universitetin imici 

Rektor bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ildə "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncamda "Made in Azerbaijan" brendinin dünya bazarında tanınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırıq verib.

Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək məqsədilə Azərbaycan təhsil məkanında ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən universitetin brendləşdirilməsi həyata keçirilib. Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2015-ci il tarixli iclasının qərarına əsasən, universitetin mövcud abbreviaturası dəyişdirilərək Azərbaycan, rus və ingilis dillərində UNEC (University of Economy) kimi müəyyən edilib: "Təhsil sektoru müasir dövrdə dünya iqtisadiyyatının ən dinamik sahələrindəndir. Təhsil sektoru həm də iş yerlərini dəfələrlə artırır. Biz Azərbaycan Dövlət İqtisad Universitetində universitetə istehsalçı kimi yanaşırıq. Ali təhsil müəssisələri təhsil xidmətləri bazarıdır. Brend öz fərdiliyi ilə seçilən əmtəə, xidmət və təşkilatdır. Brend təşkilatın imicidir. UNEC bizim universitetin imicidir".  

Əsas məqsəd tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir 

Ə.Muradovun dediyinə görə, UNEC-də semestr imtahanları həm yazılı, həm də test üsulu ilə keçirilir. Əlavə olaraq Azərbaycan İqtisadiyyatı, Mikroiqtisadiyyat, Diplomatik Yazışma, Maşınların İstehsal Texnologiyası, Toxuculuq Materiallarının Texnologiyası fənlərinin imtahanları vahid sillabus üzrə yazılı formada, Marketinq və Mühasibat fənlərinin imtahanları isə vahid sillabus üzrə test üsulu ilə təşkil olunur: "Bizim əsas məqsədimiz tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir. Biz təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir". 

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünu qazanır 

Rektor vurğulayıb ki, UNEC olimpiada qaliblərinə xüsusi təqaüd imkanı yaradır. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetini seçən Beynəlxalq olimpiada və Respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində 100 AZN məbləğində universitetin xüsusi təqaüdünü əldə edirlər. Olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-də təhsil alan birinci kurs tələbələri də xüsusi təqaüdə layiq görülürlər.

Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində "ikinci əlaçı təqaüdü" verilir. 

UNEC-in kadr potensialının gücləndirilməsi sahəsində gələcəyə istiqamətlənən önəmli layihələr 

Ə.Muradovun sözlərinə əsasən, istənilən tələblərə cavab verən kadr hazırlığına təkcə tədris plan və proqramlarının təkmilləşdirilməsi ilə nail olmaq mümkün deyildir. Bunun üçün adekvat bilik və bacarıqlara malik professor-müəllim heyətinin də olması zəruridir. Bu məqsədlə universitetdə müasir biliklərə yiyələnən, Amerika, Avropa və Türkiyədə təhsil alan bir çox perspektivli gənc kadrlar, eyni zamanda da təcrübəli və peşəkar mütəxəssislər müsabiqə yolu ilə işə qəbul ediliblər.

Bununla yanaşı, uzun illərdir universitetimizdə çalışan, bilik və bacarığı ilə seçilən kadrlarımızın potensialından da maksimum şəkildə istifadə etməyə çalışırıq:

"Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramlarında gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutması prioritet istiqamətlərdən biri kimi müəyyən olunur. UNEC bu istiqamətdə dövlət siyasətinə dəstək məqsədilə uğurlu layihələr həyata keçirilir, gənclərin işə qəbulu ilə bağlı məqsədyönlü addımlar atılır.  Fikrimcə, gənc müəllimlər innovativ və kreativlik baxımından bir addım öndədirlər, onlar universitetin hədəflərini təmin edə biləcək aparıcı qüvvədirlər.  Universitetimizin kadr potensialının gücləndirilməsi sahəsində gələcəyə istiqamətlənmiş önəmli layihələrimiz də var. Belə ki, hazırda "gənc professor" layihəmizi icra etməyə başlamışıq və bu layihə çərçivəsində yaşı 40-dan aşağı olan professorlar yetişdirməyi qarşımıza hədəf qoymuşuq. Bu layihə çərçivəsində hazırda universitetimizdə çalışan və fəlsəfə doktoru dərəcəsinə malik gənc və perspektivli kadrlar seçilərək elmlər doktorluğu üzrə doktoranturaya qəbul edilir və onların qısa müddət ərzində dissertasiyalarını tamamlamaları üçün bütün müvafiq imkanlar yaradılır.

Digər layihəmiz "gənc müəllim" layihəsidir. Bu il universitetimizdə müəllimlik fəaliyyətinə başlamaq istəyənlər üçün müsabiqə elan etdik və 60-ı xaricdə təhsil alanlar olmaqla, yaşı 30-u aşmamış 400-dən çox gənc bu müsabiqəyə müraciət etmişdir. Hazırda onlar arasında seçim prosesi davam edir və seçim nəticəsində onların ən yaxşılarını seçərək assistent və müəllim vəzifələrinə təyin edəcəyik. Gənc fəlsəfə doktorlarının yetişdirilməsi istiqamətində də ciddi layihələrimiz var. Belə ki, ilk növbədə magistr dərəcəsinə malik bir çox perspektivli gəncimizi fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul edir və onların dissertasiyalarını qısa müddətdə uğurla tamamlamaları üçün bütün imkanlarımızı səfərbər edirik. Eyni zamanda, artıq əldə etdiyimiz razılıq əsasında Türkiyədə universitetimiz üçün fəlsəfə doktoru pilləsi üzrə kadr hazırlığı imkanlarından da yararlanmağı düşünürük".

S.QARAYEVA

TOP XƏBƏRLƏR