Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yeni imtahan modelinə keçməsi və bunun tələbinə uyğun olaraq həyata keçirdiyi qərarlar bəziləri tərəfindən birmənalı qarşılanmadı.
Lakin peşəkar təhsil mütəxəssisləri bu məsələdə UNEC rəhbərliyini haqlı sayaraq, arqumentlərini konkret meyarlarla əsaslandırdılar.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov AzEdu.az-a açıqlamasında məsələ ilə bağlı incələmə apararaq, UNEC-in qərarını təhsilin keyfiyyətinə xidmət etdiyini bildirib:
“Qlobal pandemiya fonunda bir çox ali təhsil müəssisələri ilə yanaşı, Bakı Ali Neft Məktəbi (BANM) də təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn imtahanlar təşkil edir. Ali Məktəbimizdə imtahanlar yazılı olaraq reallaşdırılır. İmtahanlarda “Open Book” tipli suallar da olur ki, onların cavablandırılması tələbələrin öz ixtiyarına buraxılır. Onlayn imtahanlar LMS (Learning Management System - Öyrənmənin idarəolunması sistemi) üzərindən, eləcə də “Zoom”, “MS-Teams” kimi onlayn plaformalar üzərindən təşkil olunur. Bir məqamı qeyd edim ki, fiziki və onlayn keçirilməsindən asılı olmayaraq, Bakı Ali Neft Məktəbində imtahan sualları əvvəlcədən tələbələrə təqdim olunmayıb.
Hazırki dönəmdə təhsilin fasiləsizliyinin təmin etməyə çalışdığımız bir zamanda keyfiyyətə də önəm verilməsi olduqca vacib şərtdir. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universitenin (UNEC) yeni imtahan modelinə keçməsi ilə bağlı çox düzgün qərar verilib. Bu qərar vaxtında qəbul edilmiş, keyfiyyətli təhsilə və gələcəyə hesablanmış bir qərardır. Biz tələbənin biliyinin obyektiv qiymətləndirilməsi baxımdan mövcud şərtləri nəzərə alaraq müvafiq addımlar atmalıyıq. Bilirsiniz ki, onlayn şəraitdə imtahan zamanı tələbəyə nəzarət mexanizmi fiziki imtahanlarda olduğundan xeyli fərqlənir. Bu baxımdan sualların əvvəlcədən təqdim olunması həm də plagiat hallarına yol aça bilər. Tələbələr və valideynlər bilməlidir ki, təhsilverənin məqsədi üzləşdiyimiz bu çətin vəziyyətə uyğun olaraq, ixtisaslı, peşəkar kadr hazırlama mexanizmləri tətbiq etməkdir”.