A

Son günlər UNEC Xarici Dillər Departamentinə tələbələr tərəfindən yazı tapşırığında ad qeyd olunması ilə bağlı suallar və müraciətlər daxil olmuşdur.

Məsələyə daha aydın yanaşma təqdim etmək və yaranmış anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə aşağıdakı məlumatı diqqətinizə çatdırırıq.

“Ara” və “Aralıq” imtahanları nəyi ifadə edir?

Tələbələr arasında bəzən qarışıqlıq yaradan bu iki anlayış arasında fərq var:

📌 Ara imtahanı – semestrin ortasında keçirilən və cari mövzular üzrə biliklərin yoxlanıldığı qiymətləndirmə mərhələsidir.
📌 Aralıq imtahanı – semestrin sonunda təşkil edilən sessiya imtahanıdır və bir çox hallarda “final” imtahanı adlandırılır.

Qaydaların tətbiqi barədə

Qiymətləndirmə prosesinin şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə 7 may 2025-ci il tarixində bütün 1-ci və 2-ci kurs tələbələrinin şəxsi kabinetlərinə imtahan zamanı ad qeyd olunmasının yolverilməzliyi barədə rəsmi məlumat göndərilmişdir. UNEC-də Aralıq (sessiya) imtahanlarının 02.06.2025-ci il tarixində başladığını nəzərə alaraq bu məlumat XDİAK-2 və XDİAK-4 fənninin Aralıq imtahanlarından əvvəl göndərilib.

Bundan əlavə, 13 iyun tarixində yayımlanmış elan yalnız 1-ci kurslara aid olmuş və artıq təqdim olunmuş qaydanın xatırlatma xarakterli təkrar təqdimatı kimi paylaşılmışdır.

Yazı tapşırıqlarında tələbənin öz adını və ya real şəxsin adını qeyd etməsi, qiymətləndirənin tələbəni tanımasına səbəb ola bilər və bu, obyektiv qiymətləndirmə prinsipinə ziddir.

Bu səbəbdən XDİAK-2 və XDİAK-4 fənləri üzrə yazı tapşırıqlarında bu məsələ xüsusi olaraq vurğulanmış və imtahan sualının özündə qırmızı və iri hərflərlə aşağıdakı şəkildə qeyd olunmuşdur:

Dear student, Do NOT use your own name or any real name in your letter.
USE ONLY THE NAME PROVIDED.

Bu məsələlər UNEC Elmi Şurasının 12 may 2023-cü il tarixli, 187 saylı16 fevral 2024-cü il tarixli, 194 saylı qərarlarına əsasən tənzimlənir. Həmin sənədlərdə qeyd olunur ki, imtahan vərəqində şəxsi məlumat, ad, simvol və ya əlavə qeyd yazılması halında qiymətləndirmə ləğv edilə bilər (maddə 4.1.9 və 4.11).

Nəticə olaraq

Qaydaların tətbiqi tələbələrin cəzalandırılması məqsədi daşımır. Əksinə, bu cür yanaşmalar bütün tələbələr üçün bərabər və ədalətli imtahan mühiti yaratmağa xidmət edir.

Tələbələrin məsuliyyətli yanaşması, imtahan tapşırıqlarını diqqətlə oxuması və təlimatlara uyğun davranması qiymətləndirmə prosesinin daha da etibarlı şəkildə aparılmasına imkan verir.

Əlavə sual və ya ehtiyac yaranarsa, Xarici Dillər Departamentinə müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay