Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.
Görüşdə UNEC-in Tədris üzrə prorektoru, dosent Gəray Musayev, AGTL İdarə Heyətinin sədri Vüsal Qasımov, universitetin rəhbər heyəti və şirkət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dosent Gəray Musayev UNEC-in beynəlxalq əməkdaşlıqları, təhsil sahəsində əldə etdiyi nailiyyətlər və tələbələr üçün yaradılan innovativ imkanlar barədə məlumat verib. O bildirib ki, universitetdə əmək bazarının tələblərinə uyğun, peşəkar və rəqabətqabiliyyətli kadrların hazırlanması istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
AGTL-in İdarə Heyətinin sədri Vüsal Qasımov şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verərək, UNEC kimi qabaqcıl ali təhsil müəssisəsi ilə əməkdaşlığın onlar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş zamanı tərəflər arasında potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub və əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən, UNEC tələbələrinin istehsalat təcrübələrinə cəlb edilməsi, məzunların məşğulluq imkanlarının artırılması, şirkət nümayəndələrinin iştirakı ilə seminar və təlimlərin təşkili, eləcə də birgə karyera yönümlü tədbirlərin keçirilməsi nəzərdə tutulur.