UNEC Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub. Tədris üzrə prorektor dosent Gəray Murayev və İmtahan Mərkəzinin direktoru Tahir Bədəlov sessiya imtahanlarına hazırlığın vəziyyəti barədə təqdimatla çıxış ediblər.
Bildirilib ki, imtahan sessiyası 3 iyun-3 iyul tarixlərini əhatə edəcək və sessiya dövründə 20 mindən çox bakalavr və magistr tələbənin biliyi qiymətləndiriləcək.
Şurada apelyasiya prosesində yeni yanaşmaların tətbiqi ilə bağlı qərar qəbul olunub. Qeyd edilib ki, bu sessiyada tələbələr ilk dəfə olaraq apelyasiya prosesində birbaşa iştirak edə biləcəklər. Həmçinin Apelyasiya Komissiyasının fəaliyyəti və imtahanlara nəzarət mexanizmlərində yeniliklərin tətbiqinin nəzərdə tutulduöu da diqqətə çatdırılıb.
Bu il tətbiq olunan yeniliklərdən biri də ingilis dili imtahanlarının ilk dəfə olaraq Britaniya Şurası tərəfindən APTIS sistemi əsasında keçiriləcəyidir. Bununla bağlı tələbələr üçün sınaq imtahanı təşkil olunduğu, onların imtahan prosesi ilə bağlı rəy və təkliflərinin öyrənildiyi diqqətə çatdırılıb.
İclasda xarici dil üzrə imtahan nəticələrinin CEFR beynəlxalq qiymətləndirmə sisteminə uyğunlaşdırılması ilə bağlı təkliflər də qəbul edilib.
Elmi Şurada tələbələrin təşəbbüsü ilə “Gənc maliyyəçilər”, “Dil və natiqlik” və “UNEC İdman” adlı yeni tələbə təşkilatlarının yaradılması təsdiq olunub.
İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.