Dünya Şəhərsalma Forumu 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən beynəlxalq sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fəal iştirak edir.
Universitetin stendi yerli və xarici iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə UNEC-i Beynəlxalq Əməkdaşlıq Departamentinin Strateji inkişaf şöbəsinin müdiri Bəhlul Əliyev və Layihələrin idarə edilməsi şöbəsinin müdiri Gültac Tahirli təmsil edirlər.
UNEC stendini müxtəlif ölkələrin diplomatik korpus nümayəndələri, dövlət və hökumət rəsmiləri, beynəlxalq şirkətlərin və xarici universitetlərin nümayəndələri, eləcə də tələbə və magistrantlar ziyarət ediblər. Qonaqlara universitetin elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları, sosial və ictimai layihələri, tələbəyönümlü təşəbbüsləri, innovasiya və inkubasiya mərkəzinin fəaliyyəti, müasir laboratoriyaları, rəqəmsallaşma və innovasiya sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, UNEC-in “yaşıl gələcək” və dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirdiyi təşəbbüslər, ekoloji məsuliyyətin artırılması, enerji səmərəliliyi və dayanıqlı təhsil mühitinin formalaşdırılması sahəsində görülən işlər də iştirakçıların diqqətinə çatdırılıb.