15-17 may 2026-cı il tarixlərində Türkiyənin Mərmərə Universitetinin Siyasi elmlər fakültəsinin təşkilatçılığı ilə İstanbul şəhərində “5. Uluslararası Katılımlı Türk Dünyası Stratejik Araştırmalar Kongresi” keçirilib.
Türk dünyasının ortaq strateji gələcəyi, geosiyasi transformasiyalar və beynəlxalq əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu mühüm elmi platformalardan biri kimi diqqət çəkib. Türk Dünyası Yörük Türkmen Birliyi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TİKA və YTB kimi nüfuzlu qurumların dəstəyi ilə təşkil olunan beynəlxalq tədbirdə müxtəlif ölkələrdən yüzlərlə alim, tədqiqatçı, ekspert və ictimai-siyasi xadim iştirak edib. Konqres çərçivəsində 145-dən çox məruzəçi, 25-dən artıq elmi sessiya və 100-dən çox elmi məruzə təqdim olunub.
Konqresdə UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərova UNEC-o təmsil edib. O, Bursa Uludağ Universitetinin professoru, eyni zamanda Türkiyə Respublikasının Daşkənd Böyükelçiliyinin İletişim müşaviri Prof. Dr. Mehmet Yücə ilə birlikdə “Türk Dünyasında Enerji Diplomatiyası: Çoxqütblü Qlobal Düzəndə Geoiqtisadi Mövqelənmə və Strateji Təsir” adlı elmi məruzə ilə çıxış edib.
Məruzədə Türk dövlətlərinin enerji ehtiyatları, nəqliyyat-logistika xətləri, geoiqtisadi inteqrasiya imkanları və yeni qlobal siyasi düzəndə formalaşan enerji təhlükəsizliyi məsələləri geniş şəkildə təhlil olunub. Xüsusilə Xəzər hövzəsinin strateji əhəmiyyəti, Orta Dəhliz layihəsi, Türk dövlətləri arasında enerji əməkdaşlığının perspektivləri və enerji diplomatiyasının beynəlxalq münasibətlər sistemində artan rolu elmi arqumentlər əsasında iştirakçıların diqqətinə çatdırılıb.